Hesablama Palatası büdcənin icrası ilə bağlı qeyd və təkliflərini açıqlayıb

Hesablama Palatası büdcənin icrası ilə bağlı qeyd və təkliflərini açıqlayıb 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunan sənədlərin siyahısı əvvəlki illərlə müqayisədə nisbətən artırılıb, izah və məlumatların keyfiyyətinin yüksəldilməsi istiqamətində addımlar atılıb.
Maliyyə
31 May , 2023 12:32
Hesablama Palatası büdcənin icrası ilə bağlı qeyd və təkliflərini açıqlayıb

2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunan sənədlərin siyahısı əvvəlki illərlə müqayisədə nisbətən artırılıb, izah və məlumatların keyfiyyətinin yüksəldilməsi istiqamətində addımlar atılıb.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

"Məlumatlılığın artırılması fonunda mövcud qanunvericilik, qabaqcıl təcrübə, həmçinin qarşıdakı dövr üçün bəyan edilən hədəflər nəzərə alınmaqla, Hesablama Palatası “Büdcə zərfi”ndə bir sıra məsələlərdə dəyişikliklərin zəruri olduğu qənaətindədir. Belə ki, büdcə-vergi siyasətinin icrasının nəticələrinin konkret tədbirlər və kəmiyyət hədəfləri, vergi güzəştlərinin səmərəliliyinin müqayisəli qiymətləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə yönəldilən vəsaitlər və uzlaşma barədə məlumatların büdcə sənədləşməsinə daxil edilməsi fiskal siyasətin icrasının nəticəliliyinin ölçülməsinə, beynəlxalq qiymətləndirilmələrdə mövqeyimizə müsbət təsir edər.

Ötən il icra edilən ölkənin əsas maliyyə sənədi xarakterinə görə əvvəlki sənədlərdən yeni məsuliyyət normalarının icrası baxımından fərqlənir. Bu ilk növbədə Cənab Prezidentin tapşırığı ilə işğaldan azad edilən torpaqların yenidən qurulmasının, həmçinin 2022-ci ildə ölkənin sosial-iqtisadi inkişaf strategiyasının (yeni strateji sənədinin) ilk ilinin icrasının maliyyə qaynağının dövlət büdcəsi olması ilə əlaqəlidir. Bu, xarakteri və hədəfləri baxımından yeni sənəd hesab olunur. İlk dəfədir ki, strateji sənədin maliyyə tutumluluğu açıq şəkildə müəyyən edilib.

Hesabat ilində fiskal çərçivənin lövbəri olan büdcə qaydasına əməl edilib. Belə ki, 2022-ci ilin sonuna büdcə qaydasının 1-ci göstəricisi - icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti üzrə faktiki göstərici hədəflənən maksimal kəsirdən az olub. Büdcə qaydasının digər göstəricisi - dövlət borcunun ÜDM-ə nisbətidir. Bu nisbət üzrə də hədəfə əməl olunub.

Neftin qiymətinin yüksək olması nəticəsində xərclənmiş dövlət büdcəsinin neft gəlirləri əvvəlki ilə nisbətən 13,2% artaraq 15,3 milyard manata çatsa da, cəmi gəlirlərdə payı 1,3 faiz bəndi azalıb", - deyə sədr bildirib.

Son xəbərlər

Orphus sistemi