Hesablama Palatası: Birdəfəlik təyinatlı xərclər üzrə hesabatlılıq sistemi təkmilləşdirilməlidir

Hesablama Palatası: Birdəfəlik təyinatlı xərclər üzrə hesabatlılıq sistemi təkmilləşdirilməlidir Bu barədə qurumun 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabata verdiyi rəydə bildirilir
Maliyyə
30 May , 2017 16:31
Hesablama Palatası: Birdəfəlik təyinatlı xərclər üzrə hesabatlılıq sistemi təkmilləşdirilməlidir
Report

Bakı. 30 may. REPORT.AZ/ 2016-cı ilin dövlət büdcəsində birdəfəlik təyinatlı vəsaitlər üzrə 2 800,5 mln. manat vəsait nəzərdə tutulduğu halda, müvafiq icra hakimiyyəti orqanı bu rəqəmi 2089,4 mln. manat məbləğində müəyyən edib, 2022,6 mln. manat məbləğində və yaxud 96,8% səviyyəsində icra edib.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının büdcənin icrası ilə bağlı qanun layihəsinə və hesabata verdiyi rəydə bildirilir.

Sənəddə deyilir ki, ümumilikdə birdəfəlik təyinatlı vəsait nəzərdə tutulmuş 23 istiqamətdən 14-ü üzrə dəyişiklikdən sonra ilkin təyinat azaldılıb, 1 istiqamət üzrə isə artırılıb: “Bəzi birdəfəlik təyinatlı vəsaitlər üzrə ölkə prezidentinin müvafiq fərmanı ilə xərc nəzərdə tutulsa da, dəyişikliklərdən sonra həmin istiqamətlər üzrə vəsait proqnozlaşdırılmayıb. Birdəfəlik təyinatlı vəsaitlərin funksional təsnifatın ayrı-ayrı bölmələrində xüsusi çəkisinə gəldikdə isə “Yanacaq və enerji” bölməsinin icra edilmiş xərclərində müvafiq xərclərin payı 49,9%, “İqtisadi fəaliyyət” bölməsində 49,5%, “Mənzil və kommunal” təsərrüfatı bölməsində isə 41,0% təşkil etməklə ən yüksək, “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində 0,3%, “Ümumi dövlət xidmətləri” bölməsində 0,5% təşkil etməklə ən aşağı göstərici olub”.

Rəydə qeyd olunub ki, 2016-cı ildə birdəfəlik təyinatlı xərclərin, nəticədə isə funksional təsnifat üzrə bölmələrin və ümumiyyətlə dövlət büdcəsi xərclərinin icra vəziyyətinə Nazirlər Kabinetinin bir sıra sərəncamlarının icrası təsir göstərib, həmin sərəncamlarla bu xərclərin bir hissəsi dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilib ki, bu da funksional bölmələrin müvafiq qanunla müəyyən edilmiş məbləğinin dəyişdirilməsi ilə nəticələnib.

Birdəfəlik təyinatlı xərclərin icra səviyyəsinə təsir edən digər bir amil isə bu xərclərin dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu vasitəsilə icra edilməsidir. Rəydə həmçinin göstərilib ki, müvafiq Fond vasitəsi ilə 11 istiqamətdə birdəfəlik təyinatlı xərclər icra edilib. Bu istiqamətlərdən 6-sı üzrə vəsaitin 50%-dən çoxu, o cümlədən 3 istiqamət üzrə tam məbləğdə Təminat Fondu vasitəsilə icra olunub.

Palata birdəfəlik təyinatlı xərclər üzrə vəsaitlərin proqnoz və icra istiqamətərini təhlil edərək funksional təsnifat üzrə birdəfəlik təyinatlı vəsaitlərin dövlət büdcəsində göstərilən təyinata deyil, başqa təyinatlara xərc edildiyini nəzərə almaqla bu xərclərin proqnozlaşdırılması prosesinin təkmilləşdirilməsini, müvafiq qanunvericilikdə dəyişikliklər edilməklə birdəfəlik təyinatlı xərclərin azaldılmasını və ya bu xərclərə dair məhdudiyyətin qoyulmasını təklif edib. Eyni zamanda qurum birdəfəlik təyinatlı və proqram xarakterli xərclərin istifadəçiləri ilə bağlı məlumatların müvafiq normativ-hüquqi aktlarda göstərilmədiyini, funksional təsnifatın ayrı-ayrı bölmələri üzrə belə xərclərin xüsusi çəkisinin kifayət qədər böyük olduğunu nəzərə alaraq şəffaflığın və hesabatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə dövlət büdcəsində həmin xərclərin icrasına dair hesabatlılıq sisteminin təkmilləşdirilməsini məqsədəmüvafiq hesab edib. 

Son xəbərlər

Orphus sistemi