Hesablama Palatası: "Azərlotereya" büdcə öhdəliklərinin icrasına nəzarəti gücləndirməlidir

Hesablama Palatası: "Azərlotereya" büdcə öhdəliklərinin icrasına nəzarəti gücləndirməlidir Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar proqnoza qarşı 12% icra olunub
Maliyyə
23 May , 2017 17:32
Hesablama Palatası: Azərlotereya büdcə öhdəliklərinin icrasına nəzarəti gücləndirməlidir
Report

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycanda ötən il səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalarda proqnoza qarşı 11,7% və ya ən aşağı icra səviyyəsi müşahidə olunub.

"Report" bu barədə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəyə istinadən xəbər verir: "Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 2016-cı ilin dövlət büdcəsində 5 290,0 min manat nəzərdə tutulub, il ərzində 617,0 min manat məbləğində vəsait daxil olub ki, bu da müvafiq proqnoz göstəricisindən 4 673,0 min manat və ya 8,6 dəfə azdır. Hesabat ilində icra səviyyəsinin nəzərəçarpacaq dərəcədə az olması daha məqsədyönlü tədbirlərə ehtiyac olduğunu göstərir"

Hesabat ilində bu mənbə üzrə dövlət büdcəsinə daxilolmalar 2015-ci ilin maliyyə nəticələri üzrə əldə edilmiş mənfəətdən ödənilmiş vəsaitlərdən ibarət olub. Belə ki, qeyri-maliyyə təşkilatı olan “Azərlotereya” ASC üzrə 1 860,0 min manat proqnoza qarşı 500,0 min manat, maliyyə-təşkilatları “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı üzrə 140,0 min manat proqnoza qarşı ödəmə mənbəyindən tutulan vergi çıxılmaqla 117,0 min manat dividend ödənilib, “Azər-Türk Bank” ASC üzrə isə 2015-ci ilin maliyyə nəticələri zərərlə yekunlaşdığı üçün 3 290,0 min manat proqnoza qarşı dövlət büdcəsinə heç bir ödənişlər həyata keçirilməyib. 2014-2015-ci illərdə olduğu kimi, 2016-cı ilin proqnoz göstəricilərində də "Azərbaycan Beynəlxalq Bankı" ASC üzrə daxilolmalar nəzərdə tutulmayıb.

“Azərlotereya” ASC üzrə əvvəlki illərdə olduğu kimi 2015-ci il də mənfəətlə yekunlaşıb, əldə etdiyi xalis mənfəətin (1 655,1 min manat), habelə müvafiq aktivlər və kapital üzrə mövcud imkanların (pul vəsaitlərinin ilin sonuna qalığı 3 036,9 min manat, istifadə edilməmiş mənfəəti 5 660,0 min manat) dividendlərin daha çox ödənilməsi üçün yetərli olmasına baxmayaraq, dövlət büdcəsi qarşısında olan müvafiq öhdəlik tam həcmdə yerinə yetirilməyib, bununla belə qeyd edilən imkanlar hesabına digər istiqamətlərə müvafiq vəsait xərclənib.

"Bu halların artıq ənənəvi xarakter aldığını nəzərə alaraq “Azərlotereya” ASC-nin Müşahidə Şurası tərəfindən ilk növbədə dövlət büdcəsi qarşısında olan öhdəliklərin vaxtında və tam həcmdə icra edilməsi istiqamətində aidiyyəti qərarların qəbul edilməsini və bunun icrasına nəzarətin gücləndirilməsinin bir daha vacibliyini bildiririk", - deyə Palatadan qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi