“Report” xəbər verir ki, həmin tövsiyələr aşağıdakılardır:
- Daha ətraflı araşdırma və təhlillərin aparılması məqsədilə, eləcə də müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Fond tərəfindən “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihəsini dəstəkləyən sənədlərin məlumatlılıq səviyyəsinin yüksəldilməsi;
- Büdcədənkənar dövlət fondlarının növbəti il üçün büdcələrinin qanunla təsdiq edildiyini nəzərə alaraq ölkədə dövlət vəsaitləri üzərində hesabatlılığın tamlığının təmin edilməsi, maliyyə inzibatçılığının gücləndirilməsi, həmçinin “Hesablama Palatası haqqında” qanunun tələblərinin icrasına şəraitin yaradılması məqsədilə büdcədənkənar dövlət fondlarının büdcələrinin icrasının, dövlət büdcəsində olduğu kimi, qanunla təsdiq edilməsi;
- Xərclərin müvafiq öhdəliklərə uyğun olmaqla həyata keçirilməsi və xərclərin icrası nəzarət fəaliyyətinin aparılması baxımından qanun layihəsində pensiyaların ödənilməsi xərclərinin Fondun büdcəsinin öhdəlikləri üzrə xərclər və dövlət büdcəsinin öhdəlikləri üzrə xərclər qismində təsnifləşdirilməsi;
- Məcburi dövlət sosial sığortası sahəsində inzibatçılıq və idarəetmə fəaliyyətinin daha da gücləndirilməsi, eləcə də bu istiqamətdə Fond və Vergilər Nazirliyi arasında əlaqələndirmə və məlumat mübadiləsinin daha da genişləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
- Cari ilin sonuna mövcud qalıq məbləğinin Fondun gəlirləri qismində nəzərə alınması, həmin vəsaitin təsdiq edilmiş göstəricilərdən çox olmamaq şərti ilə xərclərin maliyyələşdirilməsinə yönəldilməsi ilə bağlı qanun layihəsinə müvafiq əlavələrin edilməsi;
- Sanatoriya-kurort yollayışlarının satışından daxilolma məbləği üzrə Fondun və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məlumatları arasında uyğunluğun təmin edilməsi və müvafiq potensialın dəqiq müəyyənləşdirilərək həmin potensialdan tam istifadənin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi;
- Fondun büdcəsinin maliyyə dayanıqlılığının artırılması, öz xərclərini öz gəlirləri hesabına ödəmə qabiliyyəti və hətta gəlirlərin xərclərdən artıq hissəsindən məqsədli istifadə baxımından müvafiq büdcələrin öhdəliklərinin dəqiq müəyyənləşdirilməsi və maliyyələşdirmənin də həmin öhdəliklərə müvafiq həyata keçirilməsi, bununla da “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın tələblərinə əməl edilməsi istiqamətində tədbirlərin görülməsi;
- Konsepsiyanın sığorta prinsiplərinə əsaslanmayan xərclərin minimum səviyyəyə endirilməklə maliyyələşdirilməsi mənbələrinin optimallaşdırılması, pensiya təyinatı şərtlərinin hər bir şəxs üzrə ödənilən sosial sığorta haqqının məbləğinə uyğunlaşdırılması kimi tələblərinin yerinə yetirilməsi istiqamətində tədbirlərin görülməsi;
- Əhaliyə ödənişlər üzrə maliyyə yükünün və maliyyələşdirmə mənbələrinin dəqiq müəyyənləşdirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi;
- Sosial sığorta, bərabərlik və sosial ədalət prinsipləri baxımından pensiyanın minimum məbləğinin qaldırılması əsasında minimum pensiya məbləğindən çox olan pensiya məbləğlərinin də yenidən hesablanması məsələsinə baxılması istiqamətində tədbirlərin görülməsi;
- Keçmiş dövrlərdə yaranmış pensiya hüquqları üzrə pensiyaçılara ödənilməli olan vəsaitlərin hesablanması və ödənilməsi məsələlərinə yenidən baxılması;
- Tələb olunan vəsaitlərin daha dəqiq proqnozlaşdırılmasının təmin edilməsi məqsədilə pensiyaçılara keçmiş dövrlər üzrə gələcək dövrlərdə ödəniləcək vəsaitlərin məbləğinin kreditor borc kimi uçota alınması;
- Vətəndaşlara əlillik dərəcəsinin verilməsi fəaliyyətinin Nazirlik tərəfindən daimi nəzarətdə saxlanılmasının, saxta əlillik dərəcələrinin verilməsi hallarının qarşısının alınması və belə halların aşkar edilərək nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyətin davam etdirilməsini, eləcə də bu pensiya növü üzrə əsassız ödəmələrin qarşısının alınması baxımından müvafiq xərclərin azalma potensialından istifadə edilməsi;
- Pensiya Alt Sisteminin digər müvafiq alt-sistemlər və məlumat bazalarına inteqrasiyasının və qarşılıqlı əlaqələndirmənin gücləndirilməsi ilə mövcud nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi;
- Fondun yerli orqanları tərəfindən əmək pensiyalarının təyinatı, yenidən hesablanması və ödənilməsi sahəsində müvafiq qanunvericiliyin tələblərinin tam yerinə yetirilməsi məqsədi ilə maarifləndirmə və nəzarət fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi;
- Məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən müavinətlər üzrə əvvəlki dövrlərin icra göstəriciləri, həmçinin orta aylıq əmək haqqının, Fondun xərclərinin artım göstəriciləri əsasında Qanun layihəsindəki proqnoz göstəricilərinin bir daha dəqiqləşdirilməsini, daha əsaslı yanaşmanın tətbiqi ilə xərclərin azalma potensialından istifadənin təmin edilməsi;
- Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin saxlanılması xərclərinin Fondun xərclərinə aid edildiyi şəraitdə onun fəaliyyətinin müştərək maliyyələşdirilməsi üçün zəruri olan normativ-metodiki bazanın, metodologiya və prosedurların işlənib hazırlanması.