Bakı. 31 avqust. REPORT.AZ/ SOCAR istiqrazlarının qiyməti yenidən yüksəlib. İstiqrazların təkrar bazarı üzrə market-meyker olan "PSG Kapital" şirkətindən verilən məlumata görə, hazırda SOCAR istiqrazlarını birjada 1 005 dollara satmaq, 1 007 dollara almaq olar.
"PSG Kapital" şirkətindən “Report”a bildirilib ki, qiymət artımının səbəbi əhalinin istiqrazların xüsusiyyətləri barədə məlumatının və istiqrazlara tələbatın artmasıdır: "Bu qiyməti kağızları almaq istəyən fiziki və hüquqi şəxslərin sayı artır. Xüsusilə hüquqi şəxslər tərəfindən istiqraz almaq üçün müraciətlər çoxalır. Məhz buna görə, son vaxtlar təkrar bazarda istiqrazların alqı-satqısı kəskin artıb. Təkcə avqust ayında təkrar bazarda 10 mln. dollardan çox SOCAR istiqrazı alınıb-satılıb”.
Xatırladaq ki, SOCAR istiqrazları Azərbaycanın fond bazarında hazırda ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk 7 ayında birjada 63,2 mln. dollarlıq istiqraz alınıb satılıb ki, bu da həmin dövrdə ümumi istiqraz bazarının 77,3%-i deməkdir.
Ümumilikdə, SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 106,2 mln. dollarlıq istiqraz ticarəti edilib. Bu da SOCAR istiqrazlarının emissiya həcmini də üstələyir.
Nominal qiyməti 1 000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə, 3 aydan bir ödənilir. İndiyədək SOCAR istiqrazlarına yatırım edənlər 3 dəfə (17 yanvar, 17 aprel və 17 iyulda) faiz gəliri alıblar. Bu il ərzində növbəti faiz ödənişi oktyabrın 17-də olacaq.