İyunun 19-dan Əmanətlərin Sığortalanması Fondu (ADIF) lisenziyası ləğv edilmiş "Günay Bank" ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə başlayıb.
Ödəniş “Bank Respublika” ASC-nin bütün filial və şöbələrində həyata keçirilir.
“Report”un əməkdaşları vasitəçi (agent) bankın baş ofisinə baş çəkərək ödəniş prosesi ilə tanış olub.
"Bank Respublika"nın məsul nümayəndəsi Hüseyn Heybətov deyir ki, bankın ölkənin bütün bölgələrini əhatə edən 33 filialı və 3 şöbəsi var: "Müştərilər pullarını almaq üçün istənilən filial və yaxud şöbəmizə yaxınlaşıb, əmanət müqaviləsi, əmanət kitabçası, əmanətin sahibliyini təsdiq edən digər sənədlər, habelə şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməlidirlər. Bankın iş qrafikinə uyğun olaraq saat 09:00-dan saat 17:30-a qədər əməliyyatçılar müvafiq sənədlərin yoxlanılmasını tamamlayır və müştəri rahatlıqla öz kompensasiyasını əldə edir”.
Onun sözlərinə görə, prosesə "Bank Respublika"nın bütün filial və şöbələrinin müdirləri, əməliyyatçılar və kassirləri cəlb olunub: “Sənədlərin təsdiqlənməsi həm əməliyyatçılar, həm də filiallarda idarəetmə üzrə məsul şəxslər tərəfindən aparılır. Gələcəkdə yarana biləcək hansısa sualların və yaxud sıxıntının qarşısını almaq üçün belə yanaşma tətbiq edilir".
"Günay Bank"ın əmanətçilərinə kompensasiya ödəmək üçün dərhal "Bank Respublika"da onların adına hesab açılır, vəsait həmin hesaba köçürülür, bundan sonra əmanətçilər kassaya yaxınlaşıb pullarını götürürlər. Ümumilikdə vətəndaşlar ödəniş prosesindən razı görünür. Onlardan biri Akif Həsənov deyir ki, lazımi prosedurlar qısa müddətdə tamamlanıb və pulunu alıb: "Günay Bank”ın müflis olmasından sonra xəbər tutduq ki, pullarımızı “Bank Respublika”dan ala bilərik. Bununla bağlı müraciət etmişəm, heç bir problem yoxdur. Çox razıyam. Ödənişlə bağlı bütün məsələləri çox tez zamanda həll etdilər”.
“Valideynimlə bərabər gəldim və depozitimizi rahat şəkildə götürdük", - deyə digər əmanətçi Oqtay Vəliyev bildirib.
Xatırladaq ki, 2023-cü il I rübün sonuna "Günay Bank"da sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat olub. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq. "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100 %-i qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100 %-i qədər kompensasiya ödəniləcək.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı mayın 16-da "Günay Bank"ın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək "Banklar haqqında" qanuna əsasən, onun lisenziyasını ləğv edib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib.






