"Günay Bank" bu ilin ilk 9 ayını 2 mln. manatdan çox xalis mənfəətlə başa vurub

"Günay Bank" bu ilin ilk 9 ayını 2 mln. manatdan çox xalis mənfəətlə başa vurub Bakı. 11 oktyabr. REPORT.AZ/
Maliyyə
11 Oktyabr , 2017 12:11
Günay Bank bu ilin ilk 9 ayını 2 mln. manatdan çox xalis mənfəətlə başa vurub

Bakı. 11 oktyabr. REPORT.AZ/ “Günay Bank” ASC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 177,067 mln. manat təşkil edib.

“Report” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81,5% çoxdur.

“Günay Bank”ın aktivlərinin 74,2%-ni və yaxud 131,388 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son bir ildə bankın kredit portfeli 16,1% böyüyüb.

Hesabat tarixinə “Günay Bank”ın vaxtı keçmiş kreditləri isə 456 min manat təşkil edib. Bu, isə 1 il əvvələ nisbətən 16,8 dəfə çoxdur. Bankın problemli kreditlərinin ümumi kredit portfelindəki payı isə 0,02%-dən 0,35%-ə yüksəlib.

Sentyabrın sonuna “Günay Bank”ın cəmi öhdəlikləri 118,791 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 2,6 dəfə çoxdur.

Hesabat dövründə Bankın depozit portfeli də 2,6 dəfə artaraq 58,589 mln. manata, o cümlədən fiziki şəxslərin depozitləri 11,1% artaraq 25,004 mln. manata, hüquqi şəxslərin depozitləri isə 209 dəfə artaraq 33,855 mln. manata çatıb.

Son 1 ildə “Günay Bank”ın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 26,2% azalaraq 14,1 mln. manata düşüb. Bankın cəmi (balans) kapitalı isə 13,3% artaraq 58,276 mln. manat olub.

Doqquz ay ərzində “Günay Bank”ın faiz gəlirləri 5,17 mln. manat (1 il əvvələ nisbətən 19,45% çox), faiz xərcləri 2,856 mln. manat (66% çox), qeyri-faiz gəlirləri 5,565 mln. manat (6,9 dəfə çox), qeyri-faiz xərcləri isə 2,762 mln. manat (4,3 dəfə çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 5,117 mln. manat olub ki, bu da illik müqayisədə 85,2% çoxdur.

Yanvar-sentyabrda “Günay Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən ilin eyni dövrü ilə müqayisədə 72,7% az – 3,038 mln. manat yönəldib və ilin ilk 9 ayını 2,079 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin ilk 9 ayından 8,382 mln. manat xalis zərərlə çıxıb.

Xatırladaq ki, "Günaybank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64 910 093 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 47,83 manat olan 1 357 100 səhm əsasında formalaşıb. Səhmlərin 50,81%-i Mahmud Nadir oğlu Məmmədova (Bankın Müşahidə Şurasının sədri), 38,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay Mahmud qızı İldırımzadəyə, 2,31%-i Xanım Nadir qızı Məmmədovaya (Bankın Müşahidə Şurasının üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,31%-i Ceyran Əbil qızı Ələsgərovaya, 1,12%-i Samir Qədir oğlu Cəfərova, 1,1%-i Mahir Əli oğlu Xəlilova, yenə də 1,1%-i Əhəd Teyyub oğlu Şirinova (Bankın Müşahidə Şurasının üzvü), 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Son xəbərlər

Orphus sistemi