"Gəncəbank" lisenziyasının bərpasında israrlıdır

"Gəncəbank" lisenziyasının bərpasında israrlıdır Lisenziyanın bərpa edilib-edilməməsi ilə bağlı təyin edilmiş məhkəmə iclası baş tutmayıb
Maliyyə
14 Sentyabr , 2016 16:43
Gəncəbank lisenziyasının bərpasında israrlıdır

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Gəncəbank" ASC-nin lisenziyasının bərpa edilib-edilməməsi ilə bağlı sentyabrın 9-na təyin edilmiş məhkəmə iclası baş tutmayıb. Bu barədə "Report"a Gəncə İnzibati-İqtisadi Məhkəməsindən məlumat verilib.

"Həmin məhkəmə prosesindən öncə Bank məsələ qaldırıb ki, müflis elan edilməsin, çünki işçilərə əmək haqqının ödənilməsi məsələsi var. Amma bu tələbə baxılmayıb və qərardad çıxarılıb. Hazırda "Gəncəbank" həmin qərardaddan apellyasiya şikayəti verib və iş Gəncə Apellyasiya Məhkəməsindədir. Orada bu məsələyə baxılandan sonra yenidən Bankın lisenziya məsələsi ilə bağlı iclas olacaq", - deyə Gəncə İnzibati-İqtisadi Məhkəməsindən bildirilib.

Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu il fevralın 15-də "Gəncəbank"ın müflis elan edilməsi, iflas proseduruna başlanılması, "Azerbaijan International Consulting Company" MMC-nin Banka ləğvedici təyin edilməsi barədə qərar qəbul edib. Lakin "Gəncəbank" bundan apellyasiya şikayəti verib. Martın 18-də Bakı Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin çıxardığı qərardadı və qərarı ləğv edib. İş aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilib.

"Gəncəbank"ın lisenziyası bu il yanvarın 22-də Azərbaycan Mərkəzi Bankı tərəfindən ləğv edilib. Yanvarın 25-də isə Banka müvəqqəti inzibatçı təyin edilib. AMB-nin səlahiyyətlərinin bir qisminin bu il fevralın 3-də yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülməsi ilə əlaqədar hazırda "Gəncəbank" Palatanın əməkdaşı Seymur Əliyevin nəzarətindədir.

Son xəbərlər

Orphus sistemi