"​Fitch" qlobal iqtisadi proqnozlarını dəyişib

"​Fitch" qlobal iqtisadi proqnozlarını dəyişib ABŞ-dan başqa, bir çox bölgələrdə iqtisadi canlanma proqnozlaşdırılır
Maliyyə
26 May , 2016 11:06
​Fitch qlobal iqtisadi proqnozlarını dəyişib

Bakı. 26 may. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi qlobal iqtisadiyyatla bağlı may icmalında bir sıra dəyişikliklər edib. "Report"un "Fitch"ə istinadən verdiyi xəbərə görə, Agentlik inkişaf etməkdə olan ölkələrdə zəif iqtisadi artım və energetika sektoruna investisiyaların azalması fonunda qlobal iqtisadiyyata təzyiqlərin davam edəcəyini bildirib.

Agentlik ABŞ-da 2016-cı il üçün iqtisadi artım tempini 2013-cü ildən sonra ilk dəfə 2%-dən aşağı salaraq 1,8% olacağını ehtimal edir. Çin iqtisadiyyatının 2016-2017-ci illərdə inkişaf tempini mart icmalındakı müvafiq olaraq 6,2% və 6% proqnozdan hər il üçün 6,3%-ə yüksəldib.

"Fitch"in baş iqtisadçısı Brayan Koulton (Brian Coulton) bildirib ki, qısa müddət üzrə proqnozlarımız əmtəə qiymətlərinin artması və Çin iqtisadiyyatında stimullaşdırıcı qərarlar fonunda inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına təzyiqlərin yumşaldığını göstərir.

Ekspert Çində inşaat sektorunun canlandığını və bunun da iqtisadiyyatın bütün sahələrinə yayılacağını, həmçinin Rusiya iqtisadiyyatından sürpriz olaraq müsbət statistik göstəricilərin açıqlandığını qeyd edib.

"Fitch" 2016-cı ilin ikinci hissəsində qlobal iqtisadi stabilliyin yaranması nəticəsində ABŞ-da uçot dərəcəsinin artırılacağını, bununla da dolların möhkəmlənəcəyini ehtimal edir.

Agentlik Avrozona iqtisadiyyatı ilə bağlı 2016-cı il üçün artım proqnozlarını 0,1 bənd artıraraq 1,6%-ə çatdırıb. İngiltərə üçün "Brexit"dən yaranan qeyri-müəyyənlik səbəbindən iqtisadi artım proqnozu 0,2 bənd azaldılaraq 1,9%-ə salınıb.

"Fitch"in 20 ən çox inkişaf etmiş ölkələrin iqtisadi artım proqnozu 2015-ci il və mart icmalında olduğu kimi - 2,5% səviyyəsində saxlanılıb. 2017-ci ildə iqtisadi artımın 3% olacağı proqnozlaşdrılır.

Son xəbərlər

Orphus sistemi