FED-in bugünkü qərarı kriptovalyuta bazarına necə təsir edəcək?

FED-in bugünkü qərarı kriptovalyuta bazarına necə təsir edəcək? Bu gün ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) növbəti faiz qərarını - yeni uçot dərəcəsini açıqlayacaq.
Maliyyə
14 dekabr 2022 11:04
FED-in bugünkü qərarı kriptovalyuta bazarına necə təsir edəcək?

Bu gün ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) növbəti faiz qərarını - yeni uçot dərəcəsini açıqlayacaq.

Bəs görəsən FED-in qərarı necə olacaq və kriptovalyuta bazarına necə təsir edəcək?

"Report" bununla bağlı kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyevin rəyini öyrənib.

Onun sözlərinə görə, bu ilin noyabr ayında ABŞ-da istehlak qiymətləri 7,1 % artıb, bu da ötən ay üçün verilmiş proqnozdan 0,2 faiz bəndi azdır: "Bu məlumat FED-in uçot dərcəsinin dəyişmək qərarlarına əhəmiyyətli təsir göstərib. Əgər inflyasiya tempi aşağı düşürsə, FED faiz artımının sürətini azalda bilər. Qurumun bu gün saat 23:00-da açıqlanacaq uçot dərəcəsini 0,75 % deyil, 0,5 % artıra biləcəyi ilə bağlı gözləntilər daha realdır. Bu faktor kriptovalyuta bazarında qiymətlərin az da olsa qalxmasına təsir göstərəcək”.

Ekspert qeyd edib ki, ABŞ-da istehlak qiymətləri indeksinin artım tempinin azaldığı məlum olduqdan sonra “Bitcoin”in qiyməti 5 % artaraq 18 000 ABŞ dollarına yüksəlib.

Elnur Quliyev
Elnur Quliyev

"Kriptovalyuta bazarında qiymət dəyişkənliyi makroiqtisadi fundamental faktorlardan və bu bazara əhəmiyyətli təsir gücünə malik olan “balinalar”ın davranışından aslıdır", - deyə o vurğulayıb.

Hazırda kriptovalyuta bazarında ən bahalı koin bitkoindir. Bir tokenin qiyməti 17 809 ABŞ dollardır. İkinci və üçüncü yerdə isə “Ethereum” (1 322 ABŞ dolları) və "Tether" (1 ABŞ dolları) qərarlaşıb.

FED bu ilin mart ayında 2018-ci ildən bəri ilk dəfə olaraq uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 0,25-0,5 %-ə çatdırıb. Mayda isə uçot dərəcəsi 0,50 faiz bəndi artırılaraq 0,75-1 %-ə, iyunda 0,75 faiz bəndi (son 28 ildə ən kəskin artım) artırılaraq 1,5-1,75 %-ə, iyulda 0,75 faiz bəndi artırılaraq 2,25-2,5 %-ə, sentyabrda 0,75 faiz bəndi artırılaraq 3-3,25 %-ə və noyabrda daha 0,75 % artırılaraq 3,75-4 %-ə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi