Son günlər qlobal bazarların əsas gündəm mövzusu sabah ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsinin artımı ilə bağlı hansı qərarı verəcəyidir.
FED-in açıqlayacağı faiz artımı ilə bağlı qərar qızıl bazarına necə təsir edəcək və gözləntilər nələrdir?
Mövzu ilə bağlı “Report”a açıqlama verən Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Cəfər İbrahimli bütün dünyada, o cümlədən ABŞ-da inflyasiyanın həddinin yüksək olması fonunda FED faizlərin artırılması və sərt kredit siyasəti ilə inflyasiyanı tənzimləməyə çalışdığını bildirib.
C.İbrahimli son dövrlərdə inflyasiyanın yüksələn trendinin zəiflədiyini qeyd edib:
“Bu çərçivədə FED-in inflyasiyanı nəzarətə alma ehtimalları yüksək olduğu üçün sərt pul-kredit siyasətini yumşaldacağı, uçot faiz dərəcəsini də artıracağı və bir müddət sonra dayandıracağı gözlənilir. Yəni, bu dəfəki artımın digərlərindən fərqli olaraq 0,75 % yox, 0,50 % artacağını gözləyir”.
Ekspert FED-in açıqlamalarının, ABŞ və dünya iqtisadiyyatının resessiyaya girməyəcəyi yönündə bir fikir formalaşdırdığını bildirib.
O qeyd edib ki, dünya iqtisadiyyatı üçün ciddi təhlükə yoxdur:
“İqtisadiyyat üçün ciddi təhlükə olduğu zaman 2-3 ay əvvəl resessiya söyləntiləri əsasında qızılın qiymətinin daha çox qalxdığı görünür. Yalnız bu dəfə qızıl o qədər də, yüksəlmədi. Bu ilin əvvəllərində qızılın 1 unsiyası 1800 ABŞ dolları ətrafında olub və hazırda qiyməti eyni olaraq qalır. 1800 ABŞ dolların keçməsi üçün ciddi dəyişikliklər olmalıdır”.
C.İbrahimli qızılın hazırda 1800 ABŞ dollarlıq zirvədə qalacağının gözlənildiyini vurğulayıb.
Qeyd edək ki, ötən gün Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,65 % və ya 11,7 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1799 ABŞ dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,77 % düşərək 1 unsiyası 23,535 ABŞ dolları təşkil edib.