Elektron Hökumətin İnkişafı Mərkəzi maliyyə göstəricilərini açıqlayıb

Elektron Hökumətin İnkişafı Mərkəzi maliyyə göstəricilərini açıqlayıb Qurum 2019-cu ili 57 min manat xalis zərərlə başa vurub
Maliyyə
19 Mart , 2021 10:32
Elektron Hökumətin İnkişafı Mərkəzi maliyyə göstəricilərini açıqlayıb

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzi 2019-cu ili 57 min manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 670 min manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, 2019-cu ildə Elektron Hökumətin İnkişafı Mərkəzi 11,278 milyon manat gəlir əldə edib. Bu, 2018-ci ilə nisbətən 4 dəfə çoxdur. O cümlədən qurumun əsas əməliyyat gəlirləri 2,6 dəfə artaraq 4,678 milyon manat, sair əməliyyat gəlirləri isə 6,6 dəfə artaraq 6,6 milyon manat təşkil edib.

Hesabat dövründə Elektron Hökumətin İnkişafı Mərkəzinin xərcləri isə 11,276 milyon manat olub ki, bu da illik müqayisədə 5,6 dəfə çoxdur. O cümlədən qurumun istifadə etdiyi materialların dəyəri 9 min manat (əvvəlki il olmayıb), işçi heyəti üzrə xərcləri 6,926 milyon manat (4,8 dəfə çox), amortizasiya xərcləri 1,405 milyon manat (əvvəlki il olmayıb), digər əməliyyat xərcləri 1,72 milyon manat (3,2 dəfə çox), sair əməliyyat xərcləri isə 1,216 milyon manat (əvvəlki il olmayıb) təşkil edib.

Son nəticədə Mərkəz 740 dəfə az - cəmi 1 min manat əməliyyat mənfəət əldə edib, 2,3 dəfə çox - 58 min manat mənfəət vergisi ödəyib.

2020-ci il yanvarın 1-nə Elektron Hökumətin İnkişafı Mərkəzinin aktivləri 15,32 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 33,8% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 2,3 dəfə azalaraq 346 min manata düşüb, balans kapitalı 40,6% artaraq 14,974 milyon manata çatıb.

Xatırladaq ki, Elektron Hökumətin İnkişafı Mərkəzi ölkə prezidentinin 14 mart 2018-ci il tarixli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 5 min manatdır. Mərkəz dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur.

Son xəbərlər

Orphus sistemi