Bakı. 10 yanvar. REPORT.AZ/ Regionlarda sosial rifahın yüksəlməsində mikromaliyyənin rolunu nəzərə alaraq 2015-ci ildə bank olmayan kredit təşkilatlarının inkişafına diqqət artırılacaq.
“Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
“Bu il mikromaliyyə institutları, o cümlədən “Azərpoçt” MMC-nin regional xidmət şəbəkəsi vasitəsilə bank xidmətlərinə çıxışın artırılması üzrə əlavə tədbirlər görüləcək”.
Bəyanatda bildirilir ki, regional bankçılığın inkişafı 2015-ci ildə də diqqətdə saxlanılacaq, kredit institutlarının regional şəbəkəsinin genişləndirilməsi təşviq olunacaq.
“Fiziki filial şəbəkəsi ilə yanaşı, distansion bankçılıq mexanizmlərinin, o cümlədən elektron bankçılıq alətlərinin inkişaf etdirilməsi mühüm prioritetlərdən olacaq”, - bəyanatda qeyd olunur.