Ekspert: “Ən azı identifikasiya edilməsi mümkün olan mallar sığortalanmalıdır”

Ekspert: “Ən azı identifikasiya edilməsi mümkün olan mallar sığortalanmalıdır” “Prezident İlham Əliyev “Diqlas” ticarət mərkəzindəki yanğınla əlaqədar zərərçəkmiş sahibkarlara yardım göstərilməsi ilə bağlı verdiyi tapşırıq dövlətin insanlara böyük dəstəyidir. Bu xoş addıma görə, Prezidentə təşəkkür etmək lazımdır. Amma bu dəstək sabah olmaya da bilər”.
Maliyyə
101
28 Mart , 2019 17:24
Ekspert: “Ən azı identifikasiya edilməsi mümkün olan mallar sığortalanmalıdır”

“Prezident İlham Əliyev “Diqlas” ticarət mərkəzindəki yanğınla əlaqədar zərərçəkmiş sahibkarlara yardım göstərilməsi ilə bağlı verdiyi tapşırıq dövlətin insanlara böyük dəstəyidir. Bu xoş addıma görə, Prezidentə təşəkkür etmək lazımdır. Amma bu dəstək sabah olmaya da bilər”.

Bunu “Report”a açıqlamasında sığorta bazarı üzrə ekspert Aqşin Əlizadə deyib.

“Prezidentin atdığı bu addım təqdirəlayiqdir. Məncə, bundan sonra hansısa formada tapşırıq verilməlidir ki, bu kimi obyektlərdə yanğından mühafizə sistemi gücləndirilsin, eləcə də sığortalanma imkanlarına yenidən baxılsın, sığorta məbləğləri artırılsın. Bu olsa, ticarət mərkəzinin rəhbərliyi icarədarlar qarşısında pis vəziyyətdə qalmaz, hansısa məsuliyyəti yarananda öhdəliyini yerinə yetirər”, - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, əmlakın sığorta olunması vacibdir, amma bunun üçün riskə təsir edən amillər maksimum dərəcədə azaldılmalıdır: “Nəzərə almaq lazımdır ki, sığorta şirkəti xeyriyyə cəmiyyəti deyil, hadisə baş verdiyi zaman zərərləri kompensasiya edən maliyyə institutudur . O, öz risklərini idarə etməyə çalışır. Sığortaçı maksimum dərəcədə təmiz riskləri götürməkdə maraqlıdır. “Diqlas” ticarət mərkəzi kimi obyektlərdə iki növ icbrari sığorta həyata keçirilməlidir. Bunlardan birincisi daşınmaz əmlakın icbari sığortasıdır, digəri isə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasıdır. Əlavə olaraq həmin daşınmaz əmlakın içərisində olan malların dövriyyəsinin könüllü sığortası ola bilər.

Bundan başqa, sahibkarlar identifikasiya edilməsi mümkün olan malları da sığortalaya bilərlər. İdentifikasiya çox vacibdir. Təsəvvür edin ki, siz əmlakınızı 400 min manatlıq sığorta edirsiniz, amma yanğın baş verəndə məlum olur ki, orada heç 50 min manatlıq əmlak olmayıb. Hazırda daşınmaz əmlakın reyestri olduğu kimi daşınar əmlakın da reyestri var. Yəni ən azı həmin reyestrə salınmış mallar sığortalana bilər. Elə mallar da var ki, onları sığortalamaq mümkündür, amma hesabatlılıq aparmaq çətindir. Məsələn, hansısa corab, geyim yaxud bir sıra tektil mallarının sığortalamaq istədikdə gərək dövriyyə sığortalansın. Bu zaman isə hesabatlılıq şəffaf aparılmalıdır ki, düzgün dövriyyə müəyyən edilsin və dövriyyədə olan mal qalığının müəyyən edilməsi mümkün olsun. Uçot şəffaf aparılarsa buna həm təminat verilə bilər, həm də şirkət ödəniş edə bilər".

Son xəbərlər

Orphus sistemi