EBRD üzv ölkələrlə iqtisadi dayanıqlığa investisiya yatırılmasını müzakirə edəcək

EBRD üzv ölkələrlə iqtisadi dayanıqlığa investisiya yatırılmasını müzakirə edəcək Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) İdarəedicilər Şurasının “Dayanıqlılığa sərmayə qoyuluşu” mövzusunda 32-ci illik iclası mayın 16-18-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
Maliyyə
15 May , 2023 13:49
EBRD üzv ölkələrlə iqtisadi dayanıqlığa investisiya yatırılmasını müzakirə edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) İdarəedicilər Şurasının “Dayanıqlılığa sərmayə qoyuluşu” mövzusunda 32-ci illik iclası mayın 16-18-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.

“Report” xəbər verir ki, tədbirdə 73 ölkədən 2 000-dən çox qonağın, o cümlədən xarici dövlətlərin nümayəndələri, transmilli korporasiyaların, beynəlxalq maliyyə institutlarının və bankların rəhbərləri, iqtisadiyyat, investisiya, maliyyə və texnologiya sahələri üzrə ekspertlərin, həmçinin mətbuat nümayəndələrinin iştirakı gözlənilir.

Tədbirin əsas mövzusu iqtisadiyyatın davamlılığına sərmayə qoyulması olacaq. İclas zamanı Banka üzv ölkələrin üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanmasına dair panel müzakirələrinin keçirilməsi planlaşdırılır.

Üç gün davam edəcək tədbir çərçivəsində beynəlxalq ticarət, enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri; kiçik və orta biznesin iqtisadiyyat üçün əhəmiyyəti, inkişaf etməkdə olan bazarlarda rəqəmsallaşma, EBRD-nin “Yaşıl şəhərlər” Proqramı, “Regional iqtisadi perspektivlər” – EBRD-nin əsas makroiqtisadi tədqiqatı və s. kimi mövzular üzrə sessiyalar təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür. Bankın Azərbaycana investisiyaları ümumi portfelin 1 %-ni təşkil edir.

Bank indiyədək Azərbaycanda 188 layihəyə ümumilikdə 3,53 milyard avro sərmayə yatırıb. EBRD-nin investisiya portfelində özəl sektorun payı 13 % təşkil edir. Hazırda Azərbaycanda bankın portfelində 35 aktiv layihə var. Bu layihələr üzrə portfel 844 milyon avro təşkil edir. Əməliyyat aktivləri 729 milyon avro, ümumi ödənişlər isə 3,036 milyard avro təşkil edir.

Son xəbərlər

Orphus sistemi