​EBRD "Dəmirbank"a 5 mln. dollar ayırıb

​EBRD "Dəmirbank"a 5 mln. dollar ayırıb Bakı. 29 avqust. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda enerji səmərəliliyi layihələrinin maliyyələşdir...
Maliyyə
29 Avqust , 2014 17:03
​EBRD Dəmirbanka 5 mln. dollar ayırıb
Bakı. 29 avqust. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün "Dəmirbank" ASC-yə 5 mln. ABŞ dolları həcmində kredit ayırıb. Bu barədə “Report”a “Dəmirbank”ın mərkəzi ofisindən məlumat verilib.

Qafqaz Enerji Effektivliyi Proqramı çərçivəsində ayrılan bu vəsait əsasən daha səmərəli texniki avadanlıq, materiallar və məişət avadanlıqları almaq, yerli sahibkarlara və fiziki şəxslərə enerjiyə ödədikləri vəsaitə qənaət etmək, biznes və evlərini xərclər baxımından daha qənaətçil məkana çevirməyə imkan verəcək.

Bununla bağlı açıqlama verən EBRD-nin Bakı ofisinin rəhbəri Nil MakKeyn qeyd edib ki, böyük neft və təbii qaz ehtiyatları və subsidiyalaşdırılan enerji tarifləri səbəbindən Azərbaycanın istehsalat müəssisələri və yaşayış sektorunda səmərəli enerji texnologiyalarının yayılması məhdud olması bu sahədə geniş imkanların olmasını göstərir. Belə ki, burada yerli maliyyə sektoru və EBRD həlledici rol oynaya bilərlər. Həmçinin, N.MakKeyn Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində investisiyaları artırmaq üçün "Dəmirbank"a dəstək olmaqdan məmnunluğunu bildirib.

Eyni zamanda, EBRD enerjiyə qənaət istiqamətində həyata keçirilən investisiyalarla bağlı məsləhət xidmətlərinin göstərilməsi üçün layihəyə konsultantlar da cəlb edib. Bu dəstək sahibkarlar və ev təsərüfatı sahiblərinə yüksək enerji sərfiyyatı olan avadanlıq və materiallardan daha aşağı enerji sərfiyyatlı avadanlıqlara səmərəli formada keçid edərək, uzunmüddətli perspektivdə qazanc əldə etmə imkanı yaradacaq.

Ölkənin ilk kommersiya banklarından olan "Dəmirbank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına EBRD və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bank "Fitch Ratings" agentliyinin “stabil” proqnozlu “B” və "Planet Rating" agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Son xəbərlər

Orphus sistemi