EBRD Azərbaycandakı uzunmüddətli tərəfdaşına 10 mln dollar sindikatlaşdırılmış kredit ayırıb

EBRD Azərbaycandakı uzunmüddətli tərəfdaşına 10 mln dollar sindikatlaşdırılmış kredit ayırıb ​​​​​​​Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “AccessBank”a Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün maliyyə paketi təqdim edir.
Maliyyə
20 may 2024 13:04
EBRD Azərbaycandakı uzunmüddətli tərəfdaşına 10 mln dollar sindikatlaşdırılmış kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “AccessBank”a Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün maliyyə paketi təqdim edir.

Razılaşmaya əsasən, EBRD təxminən 10 milyon ABŞ dolları (9,24 milyon avro) həcmində sindikatlaşdırılmış kredit təqdim edərək əsas kreditor kimi çıxış edəcək. B kateqoriyalı kreditor isə - Cənub-Şərqi Avropa üzrə Avropa Fondudur (EFSE). Hər iki maliyyə institutu “AccessBank”a yerli valyuta ekvivalentində təxminən 5 milyon ABŞ dolları(4,6 milyon avro) dəyərində kredit təqdim edəcəklər.

“AccessBank” cəlb edilən vəsaiti Azərbaycanda sahibkarlığın inkişafı və rəqabətqabiliyyətliliyinin dəstəklənməsi məqsədi ilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə istifadə edəcək. Bank, ölkənin davamlı inkişafını dəstəkləmək üçün bütün Azərbaycanda sahibkarların maliyyə imkanlarını genişləndirmək niyyətindədir.

EBRD-nin “AccessBank” ilə yenilənmiş əməkdaşlığı onun Azərbaycandakı strateji prioritetlərinə uyğun olaraq daha geniş əməkdaşlığa yol açmaq məqsədi daşıyır. Bu prioritetlərə ölkə iqtisadiyyatının şaxələndirilməsi, yerli biznes üçün maliyyə imkanlarının genişləndirilməsi və yaşıl iqtisadiyyatın dəstəklənməsi daxildir.

“Bizim Azərbaycandakı missiyamız nəinki irimiqyaslı layihələri dəstəkləmək, həm də istənilən dinamik iqtisadiyyatın əsasını təşkil edən mikro, kiçik və orta sahibkarlığı təşviq etməkdir. Bu müqaviləni imzalamaqla biz, “AccessBank”ı bütün Azərbaycan üzrə maliyyələşdirməni genişləndirmək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə geniş və əhatəli imkanlar yaratmaq məqsədlərində dəstəkləyirik”, - deyə EBRD-nin Mərkəzi Asiya, Qafqaz və Türkiyədə maliyyə təşkilatları üzrə direktoru Fransis Malij bildirib.

EFSE-nin müşaviri, “Finance in Motion” üzrə regional direktoru Oksana Binzaru qeyd edib ki, mikro, kiçik və orta müəssisələrə yerli valyutada maliyyə dəstəyi təmin etməklə, EFSE Azərbaycanda iqtisadi artım və sabitliyin təşviqi siyasətinə sadiqliyini təsdiqləyir: “AccessBank” ilə əməkdaşlıq yerli biznesin rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımdır”.

“AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri isə mikro, kiçik və orta biznesin maliyyələşdirilməsində “AccessBank”ı yerli tərəfdaş kimi seçdiyinə görə Avropa Yenidənqurma və İnkişaf Bankına və Cənub-Şərqi Avropa üzrə Avropa Fonduna minnətdarlığını bildirib: “Bu əməkdaşlıq bizim etibarlılığımızın sübutudur və inanırıq ki, bu tərəfdaşlıq bizə strateji məqsədlərimizi dərinləşdirməyə və regionda iqtisadi inkişafı dəstəkləməyə imkan verəcək”.

“AccessBank” 2002-ci ildən Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləyən və onlara sərfəli maliyyə həlləri təklif etmək üzrə ixtisaslaşmış kommersiya bankıdır.

EFSE Cənub-Şərqi Avropada və Şərq Qonşuluğunda fəaliyyət göstərən, mikro, kiçik və orta sahibkarlara və fərdi ev təsərrüfatlarını maliyyə dəstəyi ilə təmin edən fondudur.

EBRD Azərbaycanın ən böyük institusional investordur. Bank ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189 layihəyə 3,7 milyard avrodan çox sərmayə qoyub.

Son xəbərlər

Orphus sistemi