Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan maliyyə institutlarının potensialının gücləndirilməsi proqramına yekun vurub.
“Report” xəbər verir ki, 2019-2022-ci illər aralığında həyata keçirilmiş və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İttifaqı (Aİ) və Türkiyə tərəfindən maliyyələşdirilən bu proqram yerli maliyyə sisteminin dayanıqlığını gücləndirmək və yerli mikro, kiçik və orta sahibkarlıq (MSME) üçün kreditləşməni təşviq etmək məqsədi daşıyır.
“Dayanıqlı maliyyə sistemi müxtəlif böhranlara ən effektiv cavab vermək və kiçik şirkətlərin maliyyəyə çıxışını artırmaqla iqtisadiyyatın daha güclü artımını dəstəkləmək üçün çevikliyə malikdir. Bu gün biz müdaxiləmizin nəzərə çarpacaq nəticələrinin şahidi oluruq. Mən tərəfdaşlarımızı, yerli banklarımızı bu uğur münasibəti ilə təbrik etmək istəyirəm və uzunmüddətli donorlarımıza - Aİ-yə və Türkiyəyə davamlı dəstəyə görə təşəkkür etmək istəyirəm”, - EBRD-nin Azərbaycan üzrə rəhbəri Kamola Mahmudova bildirib.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Avropa İttifaqının Şərq Tərəfdaşlığı İqtisadi və İnvestisiya Planı kontekstində Azərbaycana investisiyaları dəstəklədiyini bildirib: “Bu ilin əvvəlində komissar Varhelyi Azərbaycan üçün 2 milyard avro investisiya hədəfini elan etdi və biz bunu reallaşdırmaq üçün BMİ və Aİ-yə üzv dövlətlərlə sıx əməkdaşlıq edirik. “EU4Business" bu baxımdan əsas təşəbbüsdür və mən şadam ki, Azərbaycan ilə əməkdaşlığımız öz bəhrəsini verir. Bu birgə texniki əməkdaşlıq proqramının uğurla başa çatması Azərbaycan hökuməti, ölkədəki biznes və icraçı tərəfdaşlarımız ilə güclü tərəfdaşlığımızın göstəricisidir”.
Xatırladaq ki, layihəyə 4 maliyyə institutu - Bank Respublika, Unibank, TuranBank və MuğanBank qoşulub. Layihə 2 əsas komponenti əhatə edib: birincisi, strategiyanın gücləndirilməsi və biznes planlaması, risklərin idarə edilməsi, İT, uyğunluq və qeyri-işlək kreditlərin həlli, ikincisi isə ayrı-ayrı banklar üçün kredit əməliyyatları, marketinq strategiyaları, işçilərin təlimi və monitorinq və bərpa bölmələrinin yaradılması yolu ilə KOB-ların maliyyə imkanlarının genişləndirilməsidir.







