EBRD Azərbaycanda iqtisadi artım proqnozlarını dəyişməyib

EBRD Azərbaycanda iqtisadi artım proqnozlarını dəyişməyib Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan iqtisadiyyatının artım tempini 2023-cü ildə 2,5 %, 2024-cü ildə 2,7 % səviyyəsində proqnozlaşdırır.
Maliyyə
16 May , 2023 11:33
EBRD Azərbaycanda iqtisadi artım proqnozlarını dəyişməyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan iqtisadiyyatının artım tempini 2023-cü ildə 2,5 %, 2024-cü ildə 2,7 % səviyyəsində proqnozlaşdırır.

"Report" EBRD-nin "Regional Economic Outlook" adlı hesabatının may sayına istinadən xəbər verir ki, proqnoz fevral ayı ilə müqayisədə dəyişilməz saxlanılıb.

Bankın üç qitəni əhatə edən regionlarında 2023-cü il üzrə ÜDM-in fevral ayında proqnoz edildiyi kimi 2,3 % deyil, 2,2 % artacağı gözlənilir.

Güman edilir ki, inflyasiya təzyiqləri tədricən azalması fonunda 2024-cü ildə artım 3,4 %-ə qədər (fevralda 3,3 % proqnozlaşdırılırdı) sürətlənəcək.

2023-cü il üzrə proqnozların aşağı salınması aşağıdakı amillərlə əlaqələndirilir: fevral zəlzələlərinin iqtisadi təsiri və Türkiyədə kredit şərtlərinin gözlənilən sərtləşməsi; Aralıq dənizinin cənub və şərqində yerləşən ölkələrdə islahatların gecikməsi; inkişaf etmiş iqtisadiyyatlara malik ölkələrdə ləng artımın, davamlı inflyasiyanın, həmçinin Mərkəzi Avropa və Baltikyanı ölkələrdə maliyyə şərtlərinin sərtləşdirilməsinin fəsadları.

2022-ci ildə artım 2021-ci ildə Rusiya-Ukrayna müharibəsindən əvvəlki dövrlə müqayisədə 7,2 %-dən 3,3 %-ədək azalıb. Həmçinin, 2022-ci ilin əvvəlində post-COVID bərpa prosesləri sayəsində müşahidə edilmiş güclü başlanğıcdan sonra ilin ikinci yarısında ard-arda iki rübdə (rübdən rübə) mənfi tendensiya qeydə alınıb.

Bu texniki tənəzzül 1990-cı illərin ortalarından etibarən EBRD regionlarının üzləşdiyi dördüncü zərbədir. Digərləri isə 1997-98-ci illərdə Asiya və Rusiyada iqtisadi böhranlar, 2008-2009-cu illərdə qlobal maliyyə böhranı və COVID-19 pandemiyası olub.

Bununla belə, 2022-ci ildə ÜDM-in rüblük artımı ilə bağlı illik ehtimalları özündə əks etdirən məlumatlar ilkin xarakter daşıyır və təkrar nəzərdən keçirilə bilər.

EBRD həmçinin Şərqi Avropada və Qafqazda (Ukrayna istisna olmaqla) artımın yavaşlayacağını gözləyir ki, bu da 2022-ci ildə iqtisadi fəallığı sürətləndirən amillərin məhdud əlavə stimul verməsi ilə əlaqələndirilir. Ümumilikdə regionda iqtisadiyyatın 2023-cü ildə 1,9 %, 2024-cü ildə isə 3,3 % artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda ÜDM-in həcmi 4,6 % artıb, qeyri-neft sektorunda isə artım 9 % təşkil edib. Bank bunu iqtisadiyyatın xarici valyuta axınından əhəmiyyətli dərəcədə yararlanması ilə əlaqələndirir. "Son iki il ərzində qeydə alınan güclü iqtisadi artım COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpa olması və yüksək karbohidrogen gəlirləri hesabına baş verib. Yüksək neft və qaz qiymətləri ixrac gəlirlərini yüksəldib, digər tərəfdən, əksəriyyəti azərbaycanəsilli olmaqla, əsasən Rusiya Federasiyası vətəndaşları tərəfindən həyata keçirilən pul köçürmələri 6 dəfə artıb. 2023-cü ilin birinci rübündə neft-qaz sektorunda hasilat 4 %-ədək azalmaqla iqtisadi artım 0,4 %-ə qədər geriləyib”, - hesabatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi