EBRD Azərbaycan şirkətinə Orta Dəhliz boyunca 3 anbarın tikintisinə kredit ayırıb

EBRD Azərbaycan şirkətinə Orta Dəhliz boyunca 3 anbarın tikintisinə kredit ayırıb Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın “Gemza Group” MMC şirkətinə 5,6 milyon avroya qədər yüksək təminatlı kredit təsdiq edib.
Maliyyə
14 dekabr 2022 11:26
EBRD Azərbaycan şirkətinə Orta Dəhliz boyunca 3 anbarın tikintisinə kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın “Gemza Group” MMC şirkətinə 5,6 milyon avroya qədər yüksək təminatlı kredit təsdiq edib.

“Report” EBRD-yə istinadən xəbər verir ki, yüksək təminatlı kredit ümumi icarəyə verilə bilən, sahəsi 24 min kvadratmetr olan üç müasir və enerjiyə qənaət edən quru anbarın tikintisi üçün ayrılıb. Layihənin ümumi dəyəri 19,1 milyon avro təşkil edir.

“Gemza Group” istehsal və xidmət sektorunda fəaliyyət göstərir, lakin hazırda anbar biznesinə girərək gəlir mənbələrini şaxələndirir", - məlumatda deyilir.

Kredit Azərbaycanda modern anbarların əlçatanlığını təmin etmək, ölkənin təchizat zəncirinin dayanıqlığını gücləndirmək və Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) boyunca anbar tutumu imkanlarını artırmaq üçün nəzərdə tutulub. Müqavilə həmçinin enerji xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla 1 MVt-a qədər elektrik enerjisi istehsalı məqsədi ilə həmin ərazidə günəş panellərinin quraşdırılmasını da əhatə edir.

Avropa İttifaqı EU4Climate təşəbbüsü çərçivəsində “Gemza Group”a yeni anbarları üçün EDGE sertifikatını (Daha çox səmərəlilik üçün dizaynda mükəmməllik) təmin etməyə kömək edəcək, həmçinin EBRD-nin İqlim Dəyişikliyi üçün Maliyyə və Texnologiya Transferi Mərkəzi (FINTECC) vasitəsilə günəş panellərinin ərazidə quraşdırılması üçün qrant verəcək. Hüquqi təhlil xərclərinin bir hissəsi EBRD-nin Dayanıqlı İnfrastruktur Fondu (DİF) tərəfindən ödənilib”, - EBRD bildirib.

"Gemza Group" Azərbaycanda mühəndislik, satınalma və təmir xidmətləri göstərən yerli müəssisədir. O, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və bəzi Orta Asiya bazarlarında müştərilərlə işləyərək, öz müəssisəsində mexaniki avadanlıqlar üçün ehtiyat hissələri istehsal edir və təmir işləri aparır.

Xatırladaq ki, EBRD 2021-ci ilin sonunda “Gemza Group”a 8 milyonn avro məbləğində kredit ayırmışdı.

Qeyd edək ki, EBRD Azərbaycanda aparıcı institusional investordur. 1992-ci ildə orada fəaliyyətə başlayandan bəri Bank maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 185 layihəyə 3,65 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur və bu investisiyaların əksəriyyəti özəl müəssisələrə yönəlmişdir. Bankın ölkədəki strategiyası Azərbaycana iqtisadiyyatını şaxələndirməyə və qeyri-neft özəl sektorunu inkişaf etdirməyə kömək etməkdən ibarətdir.

Dayanıqlı İnfrastruktur Fondundakı donorlar: Kanada, Finlandiya, Almaniya, İrlandiya, Yaponiya, Koreya, Lüksemburq, Hollandiya, Norveç, İspaniya, İsveç, İsveçrə, TayvanBiznes-EBRD Texniki Əməkdaşlıq Fondu və Böyük Britaniyadır.

Son xəbərlər

Orphus sistemi