Bakı. 7 yanvar. REPORT.AZ/ Dünya Bankı (DB) dünya iqtisadiyyatı üçün öz qiymət və proqnozlarını pisləşməyə doğru yenidən nəzərdən keçirib.
"Report" xəbər verir ki, indi DB cari ildə onun artımını 2,9%, gələcəkdə isə 3,1% gözləyir.
Bu göstərici 2015-ci ilin iyun ayında güman ediləndən müvafiq olaraq 0,4% və 0,1% azdır. Sözügedən rəqəmlər DB-nin yanvarın 6-da Vaşinqtonda təqdim etdiyi yeni "Qlobal iqtisadi perspektivlər" hesabatında göstərilir.
Bank ötən ilin yekunu üzrə artımı indi 2,4% qiymətləndirir. Bu da iyun ayında gözləniləndən 0,4% azdır.
Bankın hesabatına görə 2015-ci ildə Azərbaycanda iqtisadi artım 2,0% təşkil edib. Eyni zamanda 2016 və 2017-ci illərdə artım müvafiq olaraq 0,8% və 1,2% həddində proqnozlaşdırılır.
Yeni hesabatı jurnalistlərə təqdim edən bankın baş iqtisadçısı Kauşik Basu 2015-ci ili "dünya iqtisadiyyatı üçün məyusedici il", 2016-cı ili isə "riskli il" adlandırıb.