​DSMF sədri: "Azərbaycanda pensiya sisteminin aktuar tədqiqatlar əsasında təkmilləşdirilməsi zəruridir"

​DSMF sədri: "Azərbaycanda pensiya sisteminin aktuar tədqiqatlar əsasında təkmilləşdirilməsi zəruridir" Elman Mehdiyev: "Pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir"
Maliyyə
28 Sentyabr , 2015 11:16
​DSMF sədri: Azərbaycanda pensiya sisteminin aktuar tədqiqatlar əsasında təkmilləşdirilməsi zəruridir

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq üçün milli pensiya sisteminin aktuar tədqiqatlar əsasında təkmilləşdirilməsi və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. "Report"un verdiyi xəbərə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

"Bu məqsədlə növbəti mərhələlərdə islahatların prioritet istiqamətləri 2014-2020-ci illərdə Azərbaycanda pensiya təminatı sisteminin islahatı konsepsiyasında əks olunub. Əsas vəzifələrdən biri də pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqramlaşdırmasının təmin edilməsidir", - deyə E.Mehdiyev əlavə edib.

DSMF sədri bildirib ki, bunun üçün Fond tərəfindən çoxşaxəli fəaliyyət planına uyğun olaraq kompleks tədbirlər həyata keçirilir: "İki gün sonra Fond və Dünya Bankının birgə təşkilatçılığı ilə Bankın təqdim etdiyi model vasitəsilə müxtəlif pensiya sxemləri seçimləri simulyasiyaları əsasında Azərbaycanın pensiya sisteminin mümkün inkişaf istiqamətlərinin aktuar proqnozlaşdırılmasının nəticələri ictimaiyyətə təqdim olunacaq".

"Azərbaycanda müasir çağırışlara çevik reaksiya verən pensiya sistemi formalaşdırılıb və beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub", - deyə Fondun rəhbəri qeyd edib.

DSMF başçısının sözlərinə görə, Azərbaycanda qabaqlayıcı tədbirlər sayəsində ölkənin pensiya sisteminin maliyyə dayanlıqlığı təmin edilib: "Bunun bariz göstəricisidir ki, 2003-2015-ci illərdə DSMF-nin büdcəsinə daxil olmuş sosial sığorta haqlarının həcmi 9 dəfədən çox artıb. Eyni dövrdə əmək pensiyalarının orta aylıq məbləğinin artımı isə 9,5 dəfə təşkil edib".

Son xəbərlər

Orphus sistemi