DGK əməkdaşları üçün əqli mülkiyyətin qorunması mövzusunda seminar keçirilib

DGK əməkdaşları üçün əqli mülkiyyətin qorunması mövzusunda seminar keçirilib
Maliyyə
11 Dekabr , 2018 17:53
DGK əməkdaşları üçün əqli mülkiyyətin qorunması mövzusunda seminar keçirilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları üçün "Azərbaycan Respublikasının gömrük reyestrinə daxil edilmiş əqli mülkiyyət hüquqlarının obyektləri olan malların xüsusiyyətləri" adlı seminar keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, "Beierdorf Akiengesellschaft" Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən seminarda DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov, "Beierdorf Akiengesellschaft" şirkətinin intellektual mülkiyyətin qorunması üzrə regional meneceri Daniel Federkov, "Unilever" şirkətinin intellektual mülkiyyətin qorunması üzrə regional meneceri Anna Sidorova, "Dentons" şirkətinin Bakı idarəsinin müşaviri Sona Tağıyeva və DGK-nın digər əməkdaşları da iştirak ediblər.

S.Qaralov seminarın təşkilinə görə "Beierdorf Akiengesellschaft" şirkətinə təşəkkürünü bildirib və əqli mülkiyyətin qorunmasının ölkəmizin gömrük orqanları üçün, bu sahədə mövcud qanunvericilik bazasının daha da təkmilləşdirilməsinin DGK-nın “Ticarətin asanlaşdırılması" proqramı çərçivəsində prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

S.Qaralov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar çərçivəsində yeni strukturun formalaşdırıldığını və rəhbərlik etdiyi idarənin tərkibində yeni yaradılan "Xarici ticarət iştirakçıları ilə iş şöbə"sinin əsas fəaliyyət istiqamətlərinin tərkibində əqli mülkiyyəti hüquqlarının obyektləri оlаn mаllаrın rеуеstrinin араrılması qaydalarının icrası, sərhəd mühafizəsinin gücləndirilməsi üzrə tədbirləri həyata keçirilməsi və bu sahədə hüquq sahibləri ilə əməkdaşlıq münasibətlərinin qurulması, eləcə də Ümumdünya Gömrük Təşkilatının və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının norma və standartları əsasında əqli mülkiyyət sahəsinin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması olduğunu bildirib.

İdarə rəisi Azərbaycanın şimal-cənub, şərq–qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşdiyini, bu baxımdan da, əqli mülkiyyətin qorunması məsələlərinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, seminarın qarşılıqlı məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi, gömrük əməkdaşlarının potensialının artırılması sahəsində mühüm rol oynayacağına əminliyini ifadə edib və bildirib ki, gömrük sərhədindən keçirilən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair hüquqların gömrük orqanları tərəfindən qorunması, ölkənin iqtisadi mənafeyinin gücləndirilməsinə, sağlam rəqabətli biznes mühitinin təmin edilməsinə, sahibkar və istehsalçıların hüquqlarının qorunmasına, həmçinin insanların həyat və sağlamlığının, heyvanlar və bitkilər aləminin və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra ekspertlər tərəfindən "Gömrük reyestrinə daxil olan əqli mülkiyyət hüquqlarının obyektləri olan malların sərhəd mühafizəsi", "Byersdorf Almaniya şirkətinin orijinal məhsullarının fərqli xüsusiyyətləri", "Əqli mülkiyyət obyektlərinin qorunması sahəsində mövcud qanunvericiliyin nəzərdən keçirilməsi" və "Unilever USA şirkətinin orijinal məhsullarının fərqli xüsusiyyətləri" mövzusunda təqdimatlar nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.