İyuldan “Dəmirbank”ın əməkdaşlarına yığım sığortası üzrə ödənişlərin verilməsinə başlanacaq

İyuldan “Dəmirbank”ın əməkdaşlarına yığım sığortası üzrə ödənişlərin verilməsinə başlanacaq Bakı. 25 fevral. REPORT.AZ/ “Atəşgah Həyat” sığorta şirkəti ləğv etmə prosesində olan “Dəmirbank” ASC-nin bir neçə keçmiş əməkdaşının yığım sığortası üzrə narazılıq və şikayətlərinə münasibət bildirib.
Maliyyə
25 Fevral , 2019 10:40
İyuldan “Dəmirbank”ın əməkdaşlarına yığım sığortası üzrə ödənişlərin verilməsinə başlanacaq

Bakı. 25 fevral. REPORT.AZ/ “Atəşgah Həyat” sığorta şirkəti ləğv etmə prosesində olan “Dəmirbank” ASC-nin bir neçə keçmiş əməkdaşının yığım sığortası üzrə narazılıq və şikayətlərinə münasibət bildirib.

“Report” şirkətə istinadən xəbər verir ki, “Dəmirbank” ASC ilə “Atəşgah Həyat” Sığorta Şirkəti arasında həyatın yığım sığortası müqaviləsi bağlanıb və bundan yaranan bütün məsələlər müqavilə şərtləri və qanunvericiliyin müddəaları çərçivəsində həllini tapacaq.

“Atəşgah Həyat” hər zaman müştəriləri qarşısında öhdəliklərini lazımınca yerinə yetirib və indiyədək heç bir müştəriyə həyatın yığım sığortası üzrə ödənişdən imtina edilməyib. Qeyd etmək lazımdır ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin əməkdaşlarının yığım sığortası üzrə ilk sığorta ödənişinin vaxtı 2019-ci ilin iyul ayına təsadüf edir və işçilərin yığım sığortasına qoşulma vaxtlarına uyğun olaraq ödənişlərin 2020-ci ilin sonunadək verilməsi nəzərdə tutulur.

Eyni zamanda qeyd etmək vacibdir ki, ləğvetmə prosesində olan “Dəmirbank” ASC-nin əməkdaşlarını narahat edən məsələ şirkətimizlə bərabər nəzarət orqanının da diqqət mərkəzindədir. Hazırda, “Atəşgah Həyat” Sığorta Şirkəti məsələ ilə bağlı “Dəmirbank” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu və Maliyyə Bazarına Nəzarət Palatası ilə aparılan intensiv məsləhətləşmələrin yekunu olaraq belə bir anlaşma əldə olunmuşdur ki, məsələyə xüsusi yanaşma labüddür və ədalətli həll tapılmalıdır. Sığorta olunanların mənafelərinin təmin olunması üçün ümumi baxış artıq formalaşmışdır, hazırda detallar üzərində iş gedir. Məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, son günlər sosial şəbəkə səhifələrində və bəzi xəbər portallarında ləğv etmə prosesində olan “Dəmirbank” ASC-nin bir neçə keçmiş əməkdaşının “Atəşgah Həyat” Sığorta Şirkətinə münasibətdə narazılıq və şikayətlərinin yer aldığı məqalələr yayımlanıb. Məqalələrdə qeyd olunub ki, “Dəmirbank” ASC əməkdaşlarının həyatın yığım sığortasının imkanlarından yararlanaraq götürdükləri kreditlər üzrə faizlər hesablanır, amma həmin kreditlərin təminatı olan əlaqədar investisiya alətlərinə (depozitə) faiz hesablanmır və bununla da onların iqtisadi mənafeləri pozulmuş olur.

Son xəbərlər

Orphus sistemi