"Dəmirbank"ın aktivləri 19% artıb

"Dəmirbank"ın aktivləri 19% artıb Bank cari ilin yanvar-sentyabr aylarında 125 min manat xalis mənfəət əldə edib
Maliyyə
22 Noyabr , 2016 10:43
Dəmirbankın aktivləri 19% artıb

Bakı. 22 noyabr. REPORT.AZ/ "Dəmirbank" ASC-nin məcmu aktivləri illik müqayisədə 18,6% artaraq 2016-cı il oktyabrın 1-nə 530,152 mln. manata çatıb.

"Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə kredit portfeli 14,5% artaraq 379,317 mln. manata yüksəlib. Depozit portfeli 5,9% artaraq 172,443 mln. manat təşkil edib.

Hesabat dövründə Azərbaycan Mərkəzi Bankının "Dəmirbank"a qarşı tələbləri 85% artaraq 20,0 mln. manatdan 37,0 mln. manata çatıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə tələblər 20,0 mln. manat, ilin əvvəlində 30,0 mln. manat təşkil edib, 7 mln. manat isə birinci rübdə cəlb edilib. 

Bank cari ilin yanvar-sentyabr ayları ərzində 124,73 min manat xalis mənfəət əldə edib. Belə ki, Bankın bu müddətdə vergilər ödənilənək mənfəəti 258,23 min manat təşkil edib ki, bunun da 133,5 min manatı vergiyə ödənilib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrünü "Dəmirbank" zərərlə yekunlaşdırıb və həmin müddətdə xalis zərər 2,782 mln. manat təşkil edib.

Cari ilin yanvar-sentyabr ayları ərzində Bankın faiz gəlirləri 68,693 mln. manat, faiz xərcləri 24,649 mln. manat, qeyri-faiz gəlirləri 7,558 mln. manat, qeyri-faiz xərcləri 23,866 mln. manat olub.

Xatırladaq ki, "Dəmirbank" 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmlərinin 25%-i EBRD-yə, 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i digər hüquqi şəxslərə, 19,61%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,44%-i isə digər 854 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi