“Dəmirbank” fond bazarına qayıtmaqda israrlıdır

“Dəmirbank” fond bazarına qayıtmaqda israrlıdır Bankın törəməsi olan investisiya şirkətinə hələ lisenziya verilməyib
Maliyyə
28 Dekabr , 2016 11:11
“Dəmirbank” fond bazarına qayıtmaqda israrlıdır

Bakı. 28 dekabr. REPORT.AZ/ “Dəmirbank” ASC-nin 100% törəməsi olan “Dəmir İnvestisiya Şirkəti” QSC lisenziya almaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etsə də, hələ buna nail ola bilməyib. Bu barədə “Report”a açıqlamasında şirkətin İdarə Heyətinin sədri Vaqif Əfəndiyev bildirib.

“Fond bazarı ilə bağlı planlarımız qüvvəsində qalır. Lisenziya almaq üçün Palataya təqdim etdiyimiz sənədlərdə müəyyən çatışmazlıqlar aşkar edilib, hazırda onları aradan qaldırmaqla məşğuluq. Bu il artıq keçib, yəqin ki, gələn il lisenziya alıb, bazara qayıdacağıq”, - deyə V.Əfəndiyev qeyd edib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkətin nizamnamə kapitalının artırılması ilə bağlı planları da qüvvədən düşməyib və gələn il reallaşdırılacaq. Xatırladaq ki, “Dəmirbank”ın səhmdarlarının bu il, iyunun 28-də keçirilmiş ənənəvi illik yığıncağında "Dəmir İnvestisiya Şirkəti"nin nizamnamə kapitalının 170 min manat artırılaraq 400 min manata çatdırılması barədə qərar qəbul edilib. Bu, baş versə, şirkət fond bazarında yardımçı investisiya xidmətləri (vasitəçilik və s.) ilə yanaşı, əsas investisiya xidmətləri (market-meyker, foreks və s.) də göstərə biləcək.

Xatırladaq ki, ötən ilin sonuna yaxın təsdiq olunmuş “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırılması haqqında Qaydalar”a əsasən, investisiya şirkətləri yardımçı xidmətlər üçün minimum 75 min manat, əsas xidmətlər üçün isə minimum 300 min manat nizamnamə kapitalına malik olmalıdır.

Son xəbərlər

Orphus sistemi