DB: İqtisadi bərpa üçün səhiyyə və təhsil xərclərinin artırılması vacibdir

DB: İqtisadi bərpa üçün səhiyyə və təhsil xərclərinin artırılması vacibdir Pandemiya ilə bağlı vəziyyətin pisləşəcəyi təqdirdə bölgədə iqtisadi artım gözləniləndən daha zəif ola bilər.
Maliyyə
7 Oktyabr , 2020 11:05
DB: İqtisadi bərpa üçün səhiyyə və təhsil xərclərinin artırılması vacibdir

Avropa və Mərkəzi Asiya regionunda formalaşmaqda olan bazar iqtisadiyyatlarında və inkişaf etməkdə olan ölkələrində bu il iqtisadi tənəzzülün 4,4 faiz təşkil edəcəyi gözlənilir ki, bu da 2008-ci ildən etibarən ən pis resessiya deməkdir.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının bu gün dərc olunmuş Avropa və Mərkəzi Asiya regionunda iqtisadi vəziyyət üzrə hesabatında deyilir.

Hesabata görə, 2021-ci ildə artımın bərpa olunacağı və 1,1 – 3,3 faiz diapazonunda dəyişəcəyi gözlənilir. Amma perspektivlər yüksək dərəcədə qeyri-müəyyən qalır və risklər mənfi təmayüllərə təsir edir.

Bərpa templəri koronavirus (COVID-19) pandemiyasının müddətindən, peyvəndin mövcudluğu və təchizindən, qlobal ticarət və investisiyalar sahəsində yaxşılaşma səviyyəsindən asılıdır. Nəticədə, pandemiya ilə bağlı vəziyyətin pisləşəcəyi təqdirdə bölgədə iqtisadi artım gözləniləndən daha zəif ola bilər.

"Belə çətin zamanda, Avropa və Mərkəzi Asiya ölkələri böhrandan sonrakı dövrə baxmalı və pandemiyadan sonra dayanıqlı iqtisadi bərpaya hazırlaşmalıdırlar, - Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Bjerde bildirib. - Bu, idarəetmənin gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və innovasiya və rəqəmsal inkişafın təşviqi deməkdir. Keyfiyyətli təhsil və səhiyyə sahəsinə əhəmiyyətli və davamlı investisiya qoyuluşu xüsusilə vacib olacaq”.

2020-ci ildə pandemiyanın səbəb olduğu iqtisadi daralma nəticəsində regionun bütün ölkələrində yoxsulluğun artıracağı da gözlənilir. Gündəlik 3,20 ABŞ dolları yoxsulluq həddi kimi götürülərsə, əlavə 2,2 milyon insan yoxsulluğa düçar ola bilər. Adətən yuxarı-orta gəlirli ölkələrdə istifadə olunan gündəlik 5,50 ABŞ dollarlıq yoxsulluq həddində isə yoxsulluğun artımı 6 milyon insana qədər ola bilər.

Hesabata görə, pandemiya bölgədəki təhsil və səhiyyəyə da mənfi təsir göstərib: "Virus artıq minlərlə insanın ölümünə səbəb olub və sağ qalanların bir qismi səhhətlərinə dəyən uzunmüddətli ziyandan əziyyət çəkəcəklər. Məktəblərin bağlanması öyrənmə nəticələrində təhsil ilinin üçdə birindən tam bir ilədək itkiyə gətirib çıxara bilər. Bu, daha zəif müdafiə olunan ailələrdən olan şagirdlərə qeyri-mütənasib şəkildə təsir edərək bərabərsizliyi artıra bilər".

Hesabatdakı xüsusi təhlil göstərir ki, ali təhsilə çıxışın və onun keyfiyyətinin yaxşılaşdırılması və yetkinlərin sağlamlığı üçün risk faktorlarının azaldılması regionda dayanıqlı bərpa üçün əsas rol oynayır. Regiondakı ölkələr, Dünya Bankının İnsan Kapitalı İndeksi ilə ölçülən nisbətən yaxşı təməl təhsil və səhiyyə xidmətləri göstərsələr də, fərdlərin və ölkələrin gələcəkdə uğur qazanması üçün daha çox iş görülməlidir.

“Yalnız yaşamaq kifayət deyil və ya baza təhsili başa vurmaq da kifayət deyil. Yetkinlərin həyatları boyunca sağlam, aktiv və məhsuldar qalmaları lazımdır, - Dünya Bankının Avropa və Orta Asiya üzrə baş iqtisadçısı Aslı Demirgüç-Kunt deyib. - Aktiv və məhsuldar yaşlanmanı təhlükə altına ala biləcək piylənmə, siqaret çəkmə və alkoqolizm kimi sağlamlıq risklərini azaltmaq və ali təhsil müəssisələrinin tələbələri bugünkü əmək bazarlarının çağırışlarına hazırlamalarını təmin etmək xüsusilə vacibdir".

Region daxilində əhalinin 18 faizindən çoxu artıq çəkiyə malikdir, insanların təxminən 23 faizi ağır epizodik içki içənlər və təxminən 26 faizi siqaret çəkənlərdir. Bu sağlamlıq riskləri Şərq Avropa və Rusiyada xüsusilə yüksəkdir, burada yetkinlərin ömür uzunluğu da regionda ən aşağı səviyyədədir. Bu risklərin yayılması yalnız ürək-damar xəstəlikləri kimi xəstəliklərin baş vermə ehtimalını deyil, həm də COVID-19 kimi yoluxucu xəstəliklərdən ölüm və xəsarət səviyyəsini artırır.

Yüksək keyfiyyətli ali təhsil insanların sürətlə dəyişən əmək bazarlarında rəqabətli qalması üçün vacibdir. Qərbi Balkan, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində ali təhsilin yaxşılaşdırılması davamlı xarici miqrasiya şəraitində yüksək ixtisaslı işçi qüvvəsinin saxlanılmasına da kömək edəcəkdir.

Regionda təhsil və sağlamlıqda gender fərqləri məhduddur və mövcud olduqları zaman qadınlar daha üstün mövqedədir. Əslində, həm baza, həm də ali təhsil sahəsində kişilər qadınlara çatmağa səy göstərməlidirlər. Bununla birlikdə, hər bir ölkədə qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində iştirakı kişilərdən xeyli aşağıdır. Bunun vacib nəticəsi var, çünki STEM fənləri üzrə ali dərəcəsi olan insanlar daha çox məşğulluq və daha yüksək əmək haqqı qazanmaq imkanına malikdirlər.

Siqaret çəkmə və alkoqolizm sahələrində də ciddi gender fərqi var, hər iki davranış kişilər arasında daha çox yayılmışdır. Nəticədə, regionda, xüsusən də Rusiya və Şərqi Avropada kişilər arasında ölüm səviyyəsi qadınlardakından daha yüksəkdir.

Hesabatda qeyd olunur ki, oğlan uşaqlarının baza və ali təhsildə göstəricilərindəki boşluğu aradan qaldırmaq, qadınların karyera istəklərini artırmaq və kişilər arasında siqaret çəkməyin və alkoqolizmin yayılmasını azaltmaq üçün alkoqol və tütün vergilərinin artırılması kimi siyasət müdaxilələrinin gücləndirilməsi vacib çağırışlardandır.

Son xəbərlər

Orphus sistemi