Bakı. 28 mart. REPORT.AZ/ "METAK" MMC Bakı Fond Birjasının (BFB) təşkil etdiyi Azərbaycan kapital bazarlarından maliyyələşmənin təşviqi və bu istiqamətdə şirkətlərə dəstək göstərilməsinə yönəlmiş Listinq Məsləhət Proqramına (LAP) qoşulub.
"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, bu gün BFB-nin İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən Vüqar Namazov və şirkətin icraçı direktoru Aydın Kərimov tərəfindən LAP-a qoşulma haqqında saziş imzalanıb.
Sazişə əsasən, şirkət kapital bazarları alətləri vasitəsi ilə investisiya cəlb olunması, bunun üçün optimal alətlərin seçilməsi, investisiya imkanlarının dəyərləndirilməsi, investorlar üçün təklifin hazırlanması üzrə LAP çərçivəsində təqdim edilən ödənişsiz məlumat və məsləhət xidmətlərindən istifadə edəcək. Hazırda şirkətin LAP çərçivəsində Azərbaycan kapital bazarlarından maliyyələşmə üzrə "yol xəritəsi" hazırlanır.
BFB-nin Listinq Məsləhət Proqramı 2014-cü ildən etibarən həyata keçirilir. Proqramın məqsədi kapital bazarı vasitəsi ilə maliyyələşməni təşviq etmək, LAP tərəfdaşları ilə birgə şirkətlərə bu sahədə zəruri maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr istiqmətində məlumat-məsləhət xidmətləri göstərməkdir.
"METAK" MMC Azərbaycanda polad və plastik borular və fitinqlər, tikinti işkələləri, qəliblər və müxtəlif növ kənd təsərrüfatı üçün məhsulların istehsalı və satışı ilə məşğuldur.