Daha 2 bankın əmanətçilərinin ərizəsinin agent banklarda qəbulu başa çatıb

Daha 2 bankın əmanətçilərinin ərizəsinin agent banklarda qəbulu başa çatıb ADIF agent bank vasitəsilə əmanətçilərin ərizələrini kompensasiya ödənişinə dair elanın ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edir
Maliyyə
17 May , 2021 15:47
Daha 2 bankın əmanətçilərinin ərizəsinin agent banklarda qəbulu başa çatıb

“Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) agent bank vasitəsilə əmanətçilərin ərizələrini kompensasiya ödənişinə dair elanın ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edir.

"Report" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə “Əmanətlərin sığortalanması haqqında” qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin, bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ ADIF-in kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır. Bununla əlaqədar olaraq, ləğv prosesində olan “AGBank” və “NBC Bank” ASC-lərlə bağlı ilk bildiriş 16 may 2020-ci ildə www.adif.az saytında yerləşdirilib.

Sözügedən bildirişlər (3 dəfə) elan edildikdən sonra 1 il müddətində ADIF “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq sözügedən ləğv prosesində olan bankların sığortalı əmanətlərinin tam şəkildə kompensasiya edilməsi prosesinə başlaması haqqında məlumatı kütləvi informasiya vasitələrində və Fondun internet səhifəsində elan edib, kompensasiyaların ödənilməsi prosesinə başlanılıb. ADIF-in Himayəçilik Şurasının qərarına əsasən, “AGBank” və “NBC Bank”da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) seçilib. Kompensasiyaların çevik şəkildə ödənilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və xüsusilədə ölkəmizdə tüğyan edən koronavirus (COVID-19) səbəbi ilə tətbiq olunan karantin rejiminə riayət olunması məqsədilə qorunan əmanətlər üzrə kompensasiyalar ABB-nin filial şəbəkəsində iki mərhələdə həyata keçirilib. İlkin olaraq 16 iyun 2020-ci ildən başlayaraq “AGBank” və “NBC Bank”da 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların və 15 iyul 2020-ci ildən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə də kompensasiyaların verilməsinə başlanılıb.

Əmanətçilərin kompensasiya ödənişi üçün ərizələrinin qəbul edilməsi ilə bağlı elanının ilk dəfə dərc edildiyi gündən bir il ötməsini nəzərə alaraq, 16 may 2021-ci ildən sözügedən bankların əmanətçilərinin ərizə qəbulunun müddəti bitib. Ötən il iyunun 16-dan bu il mayın 16-na qədər “AGBank”ın 4 803 əmanətçisinə 121,056 milyon manat (ümumi kompensasiya öhdəliyinin 90,3%-i), “NBC Bbank”ın 4 249 əmanətçisinə 133,214 milyon manat (ümumi kompensasiya öhdəliyinin 97,1%-i), hər iki bank üzrə isə toplam 9 052 əmanətçiyə 254,269 milyon manat kompensasiya ödənişi həyata keçirilib. Bankların əmanətçilərinin kompensasiya ödənişi üçün müraciətlərinin müddətinin uzadılması ilə bağlı müvafiq sənədlərlə birlikdə ərizələrinin qəbulu artıq ADIF-in baş ofisində (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında) həyata keçiriləcək.

ADIF banklar qarşısında borc öhdəliyi (kreditləri) olan fiziki şəxslərin ödənişlərini köçürmə yolu ilə sözügedən ləğv prosesində olan bankların Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə həmin bankların baş ofisləri (Bakı şəhəri üzrə) və filial şəbəkələrində (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda “Milliön” ödəniş terminalları vasitəsilə həyata keçirmələrini kütləvi informasiya vasitələrində, Fondun sosial media hesablarında və rəsmi veb saytında məlumat dərc edərək bildirib.

Son xəbərlər

Orphus sistemi