"Creditinfo": Azərbaycanda beynəlxalq standartlara söykənən kredit bürosunun yaradılmasına əngəllər var

"Creditinfo": Azərbaycanda beynəlxalq standartlara söykənən kredit bürosunun yaradılmasına əngəllər var Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanda güclü kredit ekosisteminin qurulmasına töhfə olaraq İslandiyanın “Creditinfo” şirkətlər qrupu yerli aparıcı maliyyə təşkilatlarına kreditləşməni optimallaşdırmaq məqsədilə innovativ analitik həllər və kredit risklərinin idarə edilməsi sahəsində məsləhət xidmətləri təqdim etməkdə israrlıdır.
Maliyyə
9 Aprel , 2018 16:09
Creditinfo: Azərbaycanda beynəlxalq standartlara söykənən kredit bürosunun yaradılmasına əngəllər var

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanda güclü kredit ekosisteminin qurulmasına töhfə olaraq İslandiyanın “Creditinfo” şirkətlər qrupu yerli aparıcı maliyyə təşkilatlarına kreditləşməni optimallaşdırmaq məqsədilə innovativ analitik həllər və kredit risklərinin idarə edilməsi sahəsində məsləhət xidmətləri təqdim etməkdə israrlıdır. 

Bu barədə şirkətdən “Report”a daxil olan məlumatda bildirilir. 

"Creditinfo" həmçinin bəyan edib ki, yerli kredit bürosundan pay almaqda maraqlı deyil: "Nəzarətimizdən kənar olan səbəblər üzündən ölkədə beynəlxalq standartlara cavab verən ilk kredit bürosunun yaradılması istiqamətindəki səylərimiz səmərə vermədi.

Son illərdəki fəaliyyətimizin davamı olaraq, “Creditinfo” Azərbaycanın aparıcı kredit təşkilatları ilə sıx işbirliyi şəraitində onlara kredit dövranının müxtəlif mərhələlərini daha səmərəli idarə etməyə yardım etməyə hazırdır. Biz 20 ildən çoxdur ki, dünyanın müxtəlif ölkələrində insanların və şirkətlərin maliyyə resurslarına çıxışını sadələşdirməklə məşğuluq. Bu dövr ərzində maliyyə texnologiyaları sahəsində qazandığımız bilik və səriştə əsasında yaratdığımız unikal analitik həlləri və kredit risklərinin idarəetməsi texnologiyalarını Azərbaycanın kredit müəssisələrinin ixtiyarına veririk. Maliyyə sektoru üçün belə həllər və texnologiyalar olduqca vacibdir: müasir iqtisadiyyatlarda onlardan istifadə bir zərurətə çevrilib.

Heyfsilənirik ki, “Creditinfo”nun nəzarətindən kənar olan maneələr üzündən beynəlxalq standartlara söykənən müasir kredit bürosunun yaradılması indiki şəraitdə mümkün görünmür. Digər tərəfdən, bu reallıq kreditləşmə sahəsində işgüzar fəaliyyətin səmərəli qurulması üçün analitik qərarvermə alətlərinin tətbiqini əvəzolunmaz edir. “Creditinfo”nun qlobal təcrübəsi, praktiki yanaşması, eləcə də yerli bazar şəraitinə bələd olması biznes nəticələrinin təsirli dərəcədə yaxşılaşdırılmasına ümid verir. Maliyyə sektoru iqtisadi artımı və inklyuzivliyini təmin etməyi hədəfləyirsə, vaxt itirmək olmaz. Ona görə də “Creditinfo” sahibkarlıq subyektlərinə yeni bazarları və bazar seqmentlərini kəşf etməkdə bilavasitə kömək etmək niyyətindədir.

“Creditinfo”nun Azərbaycandakı kredit bürosunda pay sahiblyindən vaz keçdiyinə rəğmən, biz bütün kredit təşkilatlarını təşəbbüskar mövqedə olmağa və indiyə kimi bunu etmədikləri təqdirdə, öz bizneslərini bazarın rəqabətli konteksti daxilində yerləşdirməyə çağırırıq. Bunun öhdəsindən gəlmək üçün kredit müəssisələri “Creditinfo”nun hazırladığı xüsusi bir bençmarkinq (müqayisəli parametrləmə) həllindən yaralana bilərlər. Sözü gedən həll bazarın aydın, obyektiv mənzərəsini təsvir edir və kredit təşkilatlarına özlərini və başlıca maliyyə göstəricilərini bazar kontekstində göz önünə gətirməyə imkan verir. Əsas fəaliyyət göstəricilərini (KPI), başlıca maliyyə əmsallarını və nisbətlərinı digər bazar iştirakçıları ilə müqayisəli şəkildə görmək qabiliyyəti konkret və əlçatan biznes hədəfləri qoymaq və gələcək prioritetləri müəyyən etmək üçün tutarlı əsas yaradır. Bundan əlavə, biznes fəaliyyətini əhatəli, məlumat-əsaslı tərzdə izləmək imkanı şəffaf idarəetməni təmin edir və istənilən şirkətə, iddia səviyyəsindən və risk iştahasından asılı olaraq, arzuolunan nəticələrə fokuslanmağa imkan verir.

Maliyyə texnologiyalarının inkişafı dövründə yeni nəsil qərarvermə analitik alətlərinin peyda olmasını nəzərə alaraq, "Creditinfo" sahibkarlıq subyektlərinə kredit dövranını müasir tərzdə idarə edib maliyyə səmərəliliyi artırmaqda kömək edir. Vaxtı itirmək olmaz: hazırlığın öz zamanı, əməli iş görməyin öz zamanı var – prioritetimiz məhz ikincisidir. "Creditinfo"nun qlobal təcrübəsi və güclü məlumat bazası sayəsində kredit fəaliyyəti ilə bağlı gündəlik qərarları daha dəqiq və kəsərli etmək üçün bir çox həllər günü bu gün icra oluna bilər. "Creditinfo" hazırda öz səylərini məhz buna yönəldir", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, “Creditinfo” kredit məlumatları və risk idarəetməsi həlləri sahəsində öz yenilikçi, praktiki yanaşması ilə ad qazanmış dünyanın aparıcı xidmət təchizatçılarından biridir. 25-dən çox ölkədə fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə, “Creditinfo” kredit risklərinin idarəetməsində qabaqcıl təcrübələri dəstəkləmək məqsədilə rəsmi və müştəri məlumatları əsasında çeşidli innovativ məhsullar və xidmətlər işləyib hazırlayıb. Hazırda 45 ölkədən olan 10 mindən çox müştəriyə xidmət göstərən və qlobal səviyyədə maliyyə inklyuzivliyi təşviq edən “Creditinfo” Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Minilliyin Çağırışı Korporasiyası (Millennium Challenge Corporation) və bir sıra digər beynəlxalq təşkilatlarının keçirdiyi tenderlərdə qısa siyahıya daxil olub və qalib elan edilib. Keyfiyyətə nəzarət ISTQB® tərəfindən təmin olunur. "Creditinfo" proqram təminatının bütün tərtibatçılarında “Microsoft Developers” sertifikatı var. Şirkətin auditini “Ernst & Young”, KPMG və digər tanınmış təşkilatlar aparır.

Son xəbərlər

Orphus sistemi