“Caspian Development Bank”ın aktivləri 19% artıb

“Caspian Development Bank”ın aktivləri 19% artıb Bakı. 10 aprel. REPORT.AZ/ “Caspian Development Bank” ASC-nin (“CDB Bank”) cəmi aktivləri 2017-ci il aprelin 1-nə 142,368 mln. manat təşkil edib.“R...
Maliyyə
10 Aprel , 2017 15:39
“Caspian Development Bank”ın aktivləri 19% artıb

Bakı. 10 aprel. REPORT.AZ/ “Caspian Development Bank” ASC-nin (“CDB Bank”) cəmi aktivləri 2017-ci il aprelin 1-nə 142,368 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 18,6% çoxdur.

“CDB Bank”ın aktivlərinin 75,5%-ni və yaxud 107,439 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son bir ildə Bankın kredit portfeli 25,9% böyüyüb.

Hesabat dövründə “CDB Bank”ın cəmi öhdəlikləri 36,9% artaraq 75,923 mln. manata, o cümlədən depozit portfeli 40,6% artaraq 45,083 mln. manata çatıb. Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 10 mln. manat olaraq qalıb.

Son bir il ərzində kredit təşkilatının cəmi kapitalı isə 3% artaraq 64,536 mln. manat olub.

Bu ilin ilk rübündə “CDB Bank”ın faiz gəlirləri 2,598 mln. manat (ötən ilin I rübünə nisbətən 18,7% çox), faiz xərcləri 553 min manat (23,3% az), qeyri-faiz zərəri 1,689 mln. manat (8,6 dəfə çox), qeyri-faiz xərcləri isə 970 min manat (8,9% çox) təşkil edib. Son nəticədə, Bankın xalis əməliyyat zərəri 614 min manat olub.

“CDB Bank” aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına çəkdiyi xərclərə 1,266 mln. manat qənaət edib və I rübü 653 min manat xalis mənfəətlə başa vurub. Bu, illik müqayisədə 88,1% azdır.

Xatırladaq ki, “CDB Bank" 1988-ci ildə “Universal Bank” kimi dövlət qeydiyyatından keçib, 2001-ci il sentyabrın 24-dən fəaliyyətini "Kövsər Bank" adı ilə davam etdirib, 2015-ci ildə isə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 50,02 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 250,1 min səhm əsasında formalaşıb. Səhmlərin 99,91%-i "Synergy Group" MMC-yə, 0,08%-i Həsən Cəfərova, 0,01%-i isə İbrahim Alışova (Bankın Müşahidə Şurasının keçmiş sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru) məxsusdur.

Son xəbərlər

Orphus sistemi