​BVF: Bu il Orta Asiya və Qafqazda iqtisadi artım zəifləyəcək

​BVF: Bu il Orta Asiya və Qafqazda iqtisadi artım zəifləyəcək Sənədə əsasən, ən acınacaqlı vəziyyət Ermənistanda gözlənilir
Maliyyə
18 May , 2015 16:37
​BVF: Bu il Orta Asiya və Qafqazda iqtisadi artım zəifləyəcək

Bakı. 18 may. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən 2015-ci il üzrə hazırlanan yeni məruzədə qarşıdakı bir neçə ildə Orta Asiya və Qafqaz ölkələrində iqtisadi artm tempinin yavaşlayacağı bildirilir. Fondun "Qafqaz və Orta Asiyada regional cari vəziyyət" məruzəsində azalan xammal, xüsusilə də neftin qiyməti, Rusiya iqtisadiyyatının zəifləməsi və beynəlxalq bazarlarda möhkəmlənən dollar amillərinin regionda yerləşən ölkələrin iqtisadi vəziyyətinə mənfi təsir göstərəcəyi bildirilir.

"Report" verdiyi xəbərə görə, məruzədə qeyd olunub ki, 2014-cü ildə Qafqaz və Orta Asiyada ÜDM artımı 1,25 faiz bəndi azalaraq ortalama 5,25% olub.

Sənədə əsasən, ən acınacaqlı vəziyyət Ermənistanda gözlənilir. Belə ki, BVF bu ölkənin iqtisadiyyatında 2015-ci ildə 1% azalma, 2016-cı ildə isə heç bir dəyişiklik gözləmir.

Azərbaycan iqtisadiyyatında 2015-ci ildə 0,6% artım proqnozlaşdırılır, 2016-cı ildə isə Rusiya iqtisadiyyatının canlanması və neftin qiymətinin artması fonunda Azərbaycan 2,5%-lik iqtisadi artıma nail ola biləcək.

Ötən il 10,3% ÜDM artımı göstərən Özbəkistanda 2015-2016-cı illərdə bu ölkədə 9% artım gözlənilir.

Azalan neft qiymətləri ən çox Azərbaycan və Qazaxıstan iqtisadiyyatına təsir edəcək. Yeni quyuların istismara verilməsindəki gecikmələr səbəbindən Qazaxıstan daha çox mənfi təsirə məruz qalacaq.

Ümumiyyətlə, regionun neft ixrac edən ölkələrində iqtisadi artımın 2 faiz bəndi azalaraq bu il 3,5% olacağı ehtimal edilir. Regiondakı ölkələrin ÜDM artımı isə 3 faiz bəndi azalaraq 1,5% təşkil edəcək.

BVF tərəfindən açıqlanan məruzədə region ölkələrinin valyutalarını devalvasiya etməsinin iqtisadi şoklara qarşı müqaviməti artırdığı, rəqabət qabiliyyətini yüksəltdiyi, valyuta ehtiyatlarının tükənməsinin qarşısını aldığı bildirilir.

Fond bu ölkələri təcili surətdə struktur islahatları aparmağı tövsiyə edib. Bildirib ki, ticarət inteqrasiyası, əmək bazarı islahatları, daxili sənaye və təsərrüfat sisteminin rəqabət qabiliyyətinin artırılması regionun inkişafı üçün zəruridir.

Son xəbərlər

Orphus sistemi