Bakı. 19 noyabr. REPORT.AZ/. “Bank VTB (Azərbaycan)”ın aktivləri bu ilin noyabrın 1-nə 274 mln. manata çatıb ki, bu da 2013-cü ilin müvafiq dövrünün eyni göstəricisi ilə müqayisədə 51% çoxdur. Bankdan “Report”a verilən məlumata görə, bankın məcmu kapitalı 55% artaraq 49,5 mln. manata çatıb.
Noyabrın 1-nə “Bank VTB (Azərbaycan)”ın kredit portfeli 63% artaraq 260 mln. manatı keçib. Kredit portfelinin 54%-i biznes, 46%-i istehlak kreditləridir. Ümumi kredit portfelində kiçik sahibkarlığın inkişafına ayrılan kreditlərin həcmi 84,4 mln. manat olub. Orta və iri sahibkarlığın kreditləşməsinə isə 52,7 mln. manat ayrılıb. Ötən ilin analoji göstəriciləri ilə müqayisədə istehlak kreditləri 46 mln. manat, kiçik biznesə ayrılan kreditlər 41 mln. manat, orta və iri sahibkarlığın maliyyələşməsi ayrılan vəsaitlər isə 13 mln. manat artıb. Noyabrın əvvəlinə verilən istehlak kreditlərinin əsas hissəsi avtokredit və nağd kreditlərin payına düşüb – müvafiq olaraq 24% və 18%.
Noyabrın 1-nə bankın depozit portfelinin həcmi 18 mln. manatdan çox olub. Bu ilin 10 ayının yekununda Bank 4 mln. manat həcmində mənfəət əldə edib ki, bu da ötən ilin 10 aylıq göstəricisi ilə müqayisədə 60% çoxdur.
Qeyd edək ki, hazırda “Bank VTB (Azərbaycan)”ın 11 filialı fəaliyyət göstərir ki, bunun da 7-si bu il istifadəyə verilib. Cari ilin sonunadək Bank Sumqayıt və Gəncə şəhərlərində də yeni filiallar açmaqla filialların ümumi sayını 16-ya çatdırmaq niyyətindədir.