"​Bank VTB (Azərbaycan)" yerli şirkətlərə xarici bazarlara çıxmağa yardım etməyə hazırdır

"​Bank VTB (Azərbaycan)" yerli şirkətlərə xarici bazarlara çıxmağa yardım etməyə hazırdır "VTB Group" hazırda 20-dən çox ölkədə 30 bank və maliyyə şirkətlərini özündə birləşdirən beynəlxalq şəbəkəyə malikdir
Maliyyə
22 Noyabr , 2014 11:47
​Bank VTB (Azərbaycan) yerli şirkətlərə xarici bazarlara çıxmağa yardım etməyə hazırdır

Bakı. 22 noyabr. REPORT.AZ/ “Bank VTB (Azərbaycan)" xarici bazarlara çıxmaq niyyətində olan Azərbaycan sahibkarlarına yardım etməyə və müştərilərinə MDB, Avropa, Asiya və Afrika ölkələrində kompleks bank xidmətləri göstərməyə hazırdır. Bunun üçün ilk növbədə Bank daxil olduğu "VTB Group"un nümayəndəliklərinin fəaliyyət göstərdiyi, eyni zamanda Azərbaycanın geniş ticarət əlaqələri olan ölkələri nəzərdən keçirir. 

"Report" xəbər verir ki, bunu "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib. Onun sözlərinə görə, Bank bu məqsədlə əməkdaşlıq üçün Gürcüstan nümayəndəliyini də cəlb edə bilər: “Məsələn, deyə bilərəm ki, bu gün Azərbaycanla Gürcüstan arasında sıx iqtisadi əlaqələr qurulub, Gürcüstan ölkənin mühüm xarici ticarət tərəfdaşına çevrilib. Bu baxımdan, "Bank VTB (Azərbaycan)" Azərbaycandakı tərəfdaşlarla işbirliyi qurmağa, nəqliyyat, tikinti və neft-kimya sahələrində birgə layihələrin maliyyələşməsinə VTB-nin Gürcüstandakı nümayəndəliyini cəlb edir".

Y.Yakovlevin sözlərinə görə, həmçinin, "Bank VTB (Azərbaycan)" Belarus və Qazaxıstandakı tərəfdaşları ilə Azərbaycan şirkətləri arasında əməkdaşlığın qurulmasında da yaxından iştirak etməyə hazırdır: "Bu halda "Bank VTB (Azərbaycan)" tərəflər arasında bağlanan sazişlərin etibarlığı və şəffaflığı baxımdan zəmanətçi qismində çıxış edəcək və ödənişlərin gecikmələr olmadan həyata keçirilməsinə təminat verəcək. Bir çox hallarda yeni bazarlara çıxan şirkətlərin və sahibkarların rastlaşdığı ən ciddi problem yalnış tərəfdaşlarla işbirliyi qurmaq təhlükəsidir ki, bu da risklərin artmasına səbəb olur. Bank müştərilərinə etibarlı tərəfdaş tapmağa, hesablaşma sxemlərinin düzgün qurulmasına yardım etməyə hazırdır. Çünki vaxtında həyata keçirilən ödənişlər hər bir şirkətin və layihənin uğurudur".

Xatırladaq ki, hazırda "Bank VTB (Azərbaycan)"ın da daxil olduğu "VTB Group" 20-dən çox ölkədə 30 bank və maliyyə şirkətlərini özündə birləşdirən unikal beynəlxalq şəbəkəyə malikdir. Bu cür çoxşahəli şəbəkə VTB-yə müştərilərinə MDB, Avropa, Asiya və Afrika ölkələrində geniş spektrli bank xidmətləri göstərməyə şərait yaradır.

"Bank VTB (Azərbaycan)" ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB (Azərbaycan)"ın səhmdarları rolunda "VTB Bank" ASC və "AtaHolding" ASC çıxış edir. Bank əsasən korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 11 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi