​"Bank Standard" depozitlərin qaytarılmasını tam dayandırıb

​"Bank Standard" depozitlərin qaytarılmasını tam dayandırıb Bu, Bankın cari maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqələndirilir
Maliyyə
27 Aprel , 2016 17:19
​Bank Standard depozitlərin qaytarılmasını tam dayandırıb

Bakı. 27 aprel. REPORT.AZ/ "Bank Standard" QSC müştərilər qarşısında depozitlər üzrə öhdəliklərinin icrasını dayandırıb. "Report"un verdiyi xəbərə görə, bir müddət müştərilərə depozit vəsaitlərini aybaay limitlə ödəyən Bank hazırda depozitlərin qaytarılmasını ümumiyyətlə dayandırıb. Müşahidəçilər bunu Bankın cari maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqələndirirlər.

"Bank Standard" xəbərə münasibət bildirməkdən və prosesə aydınlıq gətirməkdən imtina edib.

Bildirək ki, hazırda Bank depozit qəbulunu davam etdirir. Kreditləşməyə gəlincə, Bank artıq iki aydır həm biznes, həm də istehlak kreditləşməsini dayandırıb.

Qeyd edək ki, bir müddət əvvəl bank sektorundakı mənbələrə istinadən "Bank Standard" ilə Azərbaycan Beynəlxalq Bankının birləşməsi istiqamətində danışıqların aparılması, hələlik heç bir razılaşmanın əldə olunmaması, lakin birləşmə məsələsinin aprelin sonunadək həll olunacağı barədə xəbərlər yayılıb. ABB öz növbəsində "Bank Standard"la konsolidasiyaya dair yayılan xəbərləri təkzib edib və bununla bağlı hər hansı danışıqların aparılmadığını bildirib.

Bundan əvvəl 2016-cı il fevralın 11-də imzalanmış niyyət protokoluna əsasən, “AGBank” ASC-nin “Bank Standard”a qoşulması prosesinin həyata keçirilməsi üçün əməkdaşlığa dair ilkin razılıq əldə olunsa da, daha sonra "AGBank" fəaliyyətini müstəqil davam etdirəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi