Bakı. 19 oktyabr. REPORT.AZ/ Noyabrın 21-də, saat 11:00-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi,21 ünvanındakı baş ofisində baş tutacaq.
Yığıncağın gündəliyinə "Bank Respublika"nın yeni səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılması və bununla əlaqədar Bankın nizamnaməsinə dəyişiklik edilməsi məsələlərinin təsdiq edilməsi daxildir.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57 461 021 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2,45 manat olan 23 453 478 səhm əsasında formalaşıb. Səhmlər 14 fiziki və 5 hüquqi şəxsə məxsusdur. Bankın səhmdarları arasında Almaniyanın "DEG" investisiya və "Sparkassen International Development Trust" şirkətləri var.