​"Bank of Baku" ötən ili 37 mln. manat zərərlə başa vurub

​"Bank of Baku" ötən ili 37 mln. manat zərərlə başa vurub Bu, hər səhm üçün 10,98 manat zərər deməkdir
Maliyyə
27 İyul , 2016 12:43
​Bank of Baku ötən ili 37 mln. manat zərərlə başa vurub

Bakı. 27 iyul. REPORT.AZ/ "Bank of Baku" ASC-nin məcmu aktivləri 2015-ci ilin sonuna 700,612 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 3,8% azdır.

İl ərzində "Bank of Baku"nun cəmi öhdəlikləri 7,2% artaraq 642,607 mln. manat, cəmi kapitalı isə 54,8% azalaraq 58,005 mln. manat olub.

Ötən il Bankın aktivlərinin 65,9%-ni və yaxud 461,711 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu, əvvəlki ilə nisbətən 24,8% azdır.

2015-ci ildə "Bank of Baku"nun öhdəliklərinin 69,1%-ni və yaxud 444,018 mln. manatını isə müştərilərə ödənilməli vəsaitlər təşkil edib. Bu da 2014-cü illə müqayisədə 1,85% çoxdur.

Hesabat dövründə Bankın faiz gəlirləri 176,392 mln. manat, faiz xərcləri 52,836 mln. manat təşkil edib. Manatın məzənnəsində yaranmış fərqə görə "Bank of Baku" qeyri-faiz əməliyyatlarından nəinki gəlir əldə edib, əksinə 19,021 mln. manat zərərə düşüb, üstəlik bu əməliyyatlara 37,23 mln. manat xərc çəkib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 67,305 mln. manat təşkil edib.

"Bank of Baku" dəyərsizləşməyə qarşı ehtiyatların yaradılmasına 105,92 mln. manat yönəldib, mənfəət vergisi xərcinə isə 1,27 mln. manat qənaət edib. Bununla da, Bank 2015-ci ili 37,345 mln. manat xalis zərərlə başa vurub. Bu, hər səhm üçün 10,98 manat zərər deməkdir.

Xatırladaq ki, "Bank of Baku" 2014-cü ildən 40,661 mln. manat xalis mənfəətlə çıxmışdır. Bu isə hər səhm üçün 11,96 manat mənfəət deməkdir.

"Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 15,55 manat olan 3,4 mln. səhm əsasında formalaşıb.

Səhmlərin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi