"Bank of Baku" ASC bu ilin I rübünü 2 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki Bank ötən ilin eyni dövründən 7,8 milyon manat zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, yanvar-mart aylarında "Bank of Baku"nun gəlirləri 16,1 milyon manat (illik müqayisədə 35,2% çox), xərcləri 13,1 milyon manat (57% çox), xüsusi ehtiyatlara ayırmaları 81 min manat (99,3% az), mənfəət vergisi ödəmələri isə 950 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il aprelin 1-nə "Bank of Baku"nun aktivləri 426,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 57,5% çoxdur. Bunun 239 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 32,1% böyüyüb.
Hesabat dövründə "Bank of Baku"nun öhdəlikləri 50,9% artaraq 360 milyon manata, o cümlədən depozit portfeli 28,5% artaraq 182,9 milyon manata, balans kapitalı isə 2 dəfə artaraq 66,3 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.