Bakı. 4 mart. REPORT.AZ/ "Bank Melli İran" Bakı filialının aktivləri 2014-cü il ərzində 6,98% artaraq cari il yanvarın 1-nə 76,585 mln. manata çatıb.
"Report"un Bankın açıqladığı hesabata əsasən verdiyi xəbərə görə, hesabat dövrünə Bankın kredit portfeli 9,390 mln. manat olub. Məcmu kredit portfelinin 5,203 mln. manatını istehlak kreditləri təşkil edib. Bildirək ki, ümidsiz aktivlərin cəmi kredit portfeliində xüsusi çəkisi 39,26% təşkil edir.
Cari ilin əvvəlinə kredit portfelinin 41,59%-nin və ya 3,905 mln. manatının ödəniş vaxtı keçib. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə vaxtı keçmiş kreditlərin cəmi kredit portfelində xüsusi çəkisinin 3,26 faiz bəndi azalması deməkdir.
Ötən il ərzində Bankın depozit portfelində də azalma müşahidə olunub. Belə ki, 2014-cü il ərzində müştəri hesabları 54,58% azalaraq 1,294 mln. manat olub. Depozit portfelinin 82,03%-ni və ya 1,061 mln. manatını əhalinin əmanətləri əhatə edib.
Hesabat ilində Bank nizamnamə kapitalını 2,3 dəfə artıraraq 51,434 mln. manata çatdırıb. Cari il yanvarın 1-nə məcmu kapital isə 2,4 dəfə artaraq 50,910 mln. manat təşkil edib.