​“Bank Avrasiya” nizamnamə kapitalını daha 10 mln. manat artırır

​“Bank Avrasiya” nizamnamə kapitalını daha 10 mln. manat artırır Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Bank Avrasiya" ASC-nin hər birinin nominal dəyəri
Maliyyə
29 Sentyabr , 2014 11:13
​“Bank Avrasiya” nizamnamə kapitalını daha 10 mln. manat artırır

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Bank Avrasiya" ASC-nin hər birinin nominal dəyəri 2 000 manat olan 20 000 ədəd adi sənədsiz adlı səhmlərinin AZ1004006891 seriyalı buraxılışı dövlət qeydiyyatına alınıb. “Report”un məlumatına görə, bu barədə Dövlət Komitəsinin məlumatında deyilir.

Yeni səhm emissiyası "Bank Avrasiya"nın hər birinin nominal dəyəri 1 500 manat olan əvvəlki səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Nəticədə, Bankın nizamnamə kapitalı hazırkı 30 mln. manatdan 40 mln. manata çatdırılacaq, yəni təxminən 33% artırılacaq.

Qeyd edək ki, “Bank Avrasiya” ASC Mərkəzi Bankın 50 mln. manatlıq məcmu kapital tələbini yerinə yetirə bilməyən banklar siyahısındadır. Belə ki, 2014-cü ilin iyulun 1-nə olan məlumata görə, Bankın məcmu kapitalı 31,11 mln. manat təşkil edib. Keçən ilin sonunda “Bank Avrasiya”nın nizamnamə kapitalı 22 mln. manat olub. Artıq bu ilin ilk yarısında Bank nizamnamə kapitalını 8 mln. manat artıraraq 30 mln. manata çatdırıb.

Xatırladaq ki, “Bank Avrasiya” ASC 2007-ci il noyabrın 28-də fəaliyyətə başlayıb. Bankın nizamnamə kapitalının 37,5%-i “Euro Standard” MMC-yə, 37,5%-i “Qalaktik” MMC-yə , 25%-i isə “Azbizneskom” MMC-yə məxsusdur. Ötən il Bankın səhmdarı olmuş “Tayninq Qlobal Ink.” MMC 37,5%-lik payını “Qalaktik” MMC-yə satıb.