Bakı. 9 yanvar. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin cəmi aktivləri 2016-cı il dekabrın 1-nə 138,035 mln. manat təşkil edib.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 11,9% çox olsa da, noyabrın 1-nə nisbətən təxminən 1% azdır.
Noyabrın sonuna Bankın aktivlərinin 61,2%-ni və yaxud 84,464 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 11 ayda Bankın kredit portfeli 5,6% genişlənib.
Hesabat dövründə "Bank Avrasiya"nın cəmi öhdəlikləri 12,5% artaraq 81,16 mln. manata çatıb. Bunun 47,7%-ni və yaxud 38,685 mln. manatını depozit porfeli təşkil edib. Bu göstərici ilin əvvəlinə nisbətən 32,5% böyüyüb.
2016-cı ilin ilk 11 ayında Bankın məcmu kapitalı 11,2% artaraq 56,875 mln. manata çatıb.
Yanvar-noyabr aylarında "Bank Avrasiya"nın faiz gəlirləri 11,177 mln. manat, faiz xərcləri 3,105 mln. manat, qeyri-faiz gəlirləri 3,235 mln. manat, qeyri-faiz xərcləri isə 3,256 mln. manat təşkil edib. Bununla da Bankın xalis əməliyyat mənfəəti 8,051 mln. manat olub.
"Bank Avrasiya" aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 2,732 mln. manat xərc çəkib. Beləliklə, kredit təşkilatı ötən ilin ilk 11 ayını 5,319 mln. manat xalis mənfəətlə başa vurub.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 500 manat olan 20 min səhm əsasında formalaşıb. Səhmlərin 37,5%-u "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.