Bakı. 30 noyabr. REPORT.AZ/ Qlobal maliyyə sisteminin inkişafı bank dələduzluğunu, maliyyə fırıldaqlarının həyata keçirilməsini və onların gizlədilməsini asanlaşdırıb.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üzrə təlim proqramı”nın təqdimat mərasimində Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.
Onun sözlərinə görə, kapitalın ofşorlaşması, çirkli pulların yuyulması ilə bağlı yeni mexanizmlərin ortaya çıxması bu sahəyə nəzarət etməli olan kadrların peşəkarlarının artırılmasını vacib edib: “Bəzən auditorlar ciddi nöqsanlara yol verirlər ki, bu da auditə etimadı azaldır. Halbuki, "kölgə iqtisadiyyatı"na, qeyri-qanuni vəsaitlərin yuyulmasına qarşı mübarizənin səmərəliliyi kadrların peşəkarlığından çox asılıdır”.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktorunun müavini Asim Zülfüqarov isə bildirib ki, maliyyə sektorunda çalışanların bilik və bacarığının artırılması “Milli iqtisadiyyatın perspektivləri üzrə Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb: “2018-ci ildən yeni mühasibatlıq standartlarına keçiləcək. Bunun üçün beynəlxalq qurumlarla əməkdaşlıq edirik. Maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsi üçün bir sıra addımlar atılır. Bunlardan biri “Nağdsız hesablaşmalar haqqında” qanunun tam tətbiqidir. Bundan başqa, maliyyə sektorunun iştirakçıları korporativ idarəetmə standartlarına uyğun olaraq maliyyə hesabatlarını açıqlayırlar ki, bu da şəffaflığa xidmət edir”.
Qeyd edək ki, təqdimatı keçirilən təlim proqramının hazırlanmasında məqsəd ölkə prezidentinin 18 noyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı"nın, 6 dekabr 2016-cı il fərmanı ilə təsdiq edilmiş "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin və "Azərbaycan iqtisadiyyatının Strateji Yol Xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransın tövsiyələrinin icrasını təmin etməkdir.