Bakı Fond Birjasının gəlirlərində korporativ sektorun payı artıb

Bakı Fond Birjasının gəlirlərində korporativ sektorun payı artıb Azərbaycan kapital bazarları 2020-ci ilədək beynəlxalq maliyyə bazarlarına inteqrasiyaya hazır olacaq
Maliyyə
19 may 2015 09:11
Bakı Fond Birjasının gəlirlərində korporativ sektorun payı artıb

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanda ötən il ərzində islahatlar çərçivəsində yeni növ maliyyə alətlərilə aparılan ticarət əməliyyatlarının həcmi 4,3 mlrd. manat təşkil edib ki, bu da bütövlükdə bazarın 33%-nə bərabərdir.

"Report"un Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, hazırda təkrar bazarda 3 marketmeyker 12 maliyyə aləti üzrə likvidliyi təmin edən xidmətlər göstərir ki, bunun nəticəsində korporativ qiymətli kağızlar ticarəti 2009-cu ildən sonra 10 dəfədən çox artıb. Tətbiq olunan yeniliklər qiymətli kağızlar bazarında əməliyyatların həcminə və strukturuna da müsbət təsir göstərib. Ötən il bazarda əməliyyatların həcmi 50% artaraq 13,2 mlrd. manat təşkil edib ki, bu da müşahidə olunan tarix maksimum sayılır.

"2014-cü ildən başlayaraq kapital bazarı institutlarının dövlət alətlərindən daha çox, korporativ sektor hesabına maliyyələşməsi bu institutların maliyyə dayanıqlılığının təmin olunmasına gətirib çıxaracaq. Müqayisə üçün deyək ki, əgər 2008-ci ildə Bakı Fond Birjasının gəlirlərinin 96%-ni dövlət qiymətli kağızları ilə ticarətdən əldə olunurdusa, artıq 2014-cü ildə gəlirlərin 50%-dən çoxu məhz korporativ sektorun payına düşüb", - deyə Komitədən bildirilib.

Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının (2011-2020-ci illər) 2015-2017-ci illəri əhatə edəcək ikinci mərhələsi çərçivəsində fond bazarında əməliyyatların tam avtomatlaşdırılması və konsolidə edilməsi, yeni alət və xidmətlərin təqdim olunması üçün zəruri bazanın formalaşdırılması və tənzimləyici mexanizmlərin gücləndirilməsi nəzərdə tutulur. Sözügedən istiqamətlər üzrə qiymətli kağızlarla ticarət, klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və optimallaşdırılması, bu sistemlərin əlaqələndirilməsi və birbaşa emal prinsipi əsasında inteqrasiya olunmuş elektron ticarət platformasının yaradılması, xarici fond bazarlarında ticarət olunan qiymətli kağızların yerli bazarda və yerli qiymətli kağızların xarici fond bazarlarında ticarətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması və müvafiq ticarət sisteminin tətbiq edilməsi, qiymətli kağızlar bazarında elektron nəzarət-hesabatlıq sisteminin yaradılması, eləcə də qiymətli kağızlar bazarında məlumatların dəqiq, dolğun və vaxtında açıqlanması sisteminin yaradılması və avtomatlaşdırılması planlaşdırılır. Artıq qiymətli kağızlar bazarında ticarət və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində təkliflərin formalaşdırılması və əlaqələndirilməsi məqsədilə daimi əsasda fəaliyyət göstərən qiymətli kağızlar bazarının ticarət və əməliyyat komitəsi yaradılıb.

Üçüncü mərhələdə (2018-2020-ci illərdə) yeni və daha mürəkkəb alət və xidmət növlərinin bazara təqdim edilməsi ilə qiymətli kağızlar bazarının dərinliyinin artırılması, eyni zamanda sistem risklərinin səmərəli idarə edilməsi mexanizmlərinin yaradılması nəzərdə tutulur. Bu mərhələnin tamamlanması ilə Azərbaycan kapital bazarları beynəlxalq maliyyə bazarlarına inteqrasiyaya tam hazır olacaq.

Son xəbərlər

Orphus sistemi