Bakı Fond Birjasının depozitar və klirinq lisenziyaları ləğv edilib

Bakı Fond Birjasının depozitar və klirinq lisenziyaları ləğv edilib Qiymətli kağızların ticarəti üzrə mərkəzləşdirilmiş klirinq sistemi yaradılıb
Maliyyə
16 Yanvar , 2015 13:28
Bakı Fond Birjasının depozitar və klirinq lisenziyaları ləğv edilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Bakı Fond Birjası" QSC-nin müraciətinə əsasən Cəmiyyətə depozitar və klirinq fəaliyyəti üçün verilmiş lisenziyaları ləğv edib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, 2013-cü ilin sentyabr ayından etibarən dövlət qiymətli kağızların saxlanılması və bağlanılmış əqdlər üzrə klirinq və hesablaşmalar üzrə xidmətlərin göstərilməsi Bakı Fond Birjasından Milli Depozit Mərkəzinə keçib.

Bu proses Azərbaycan prezidentinin 2011-ci il 16 may tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramında (2011-2020-ci illər) nəzərdə tutulan strateji xəttə uyğun həyata keçirilib. Belə ki, qiymətli kağızların depozitar-uçot sistemi, o cümlədən qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Milli Depozit Mərkəzinin bazasında dövlət və korporativ qiymətli kağızların mərkəzi depozitar sistemi yaradılıb.

Nəticədə, qiymətli kağızlarla ticarətin səmərəliliyinin artırılması və risklərin azaldılması məqsədilə qiymətli kağızların ticarəti üzrə mərkəzləşdirilmiş klirinq sisteminin yaradılması və onun elektron ödəniş sistemlərinə inteqrasiyası təmin edilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 2 depozitar, 1 fond birjası və 1 klirinq fəaliyyəti, aktivlərin idarə olunması üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziya) qüvvədədir.

Son xəbərlər

Orphus sistemi