Bakı. 04 sentyabr. REPORT.AZ/ Azərbaycanda pul bazası son bir ildə 1,127 mlrd. manat və ya 10,6% artaraq 2014-cü ilin sentyabrın 1-nə 11,744 mlrd. manata çatıb. Report-un xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.
Eyni zamanda pul bazası bu ilin əvvəlindən 102 mln. manat və ya 0,9%, avqust ayında 7 mln. manat və ya 0,06% artıb.
Qeyd edək ki, pul bazasına Mərkəzi Bank tərəfindən buraxılan nağd pullar və kommersiya banklar tərəfindən AMB-də saxlanılan məcburi ehtiyatlar daxildir. Adətən pul bazasının artımı inflyasiyaya səbəb olur, lakin aydındır ki, bu, artımda nağd pulların rolu aparıcı olanda baş verə bilər. Müqayisə göstərir ki, iyulun 1-nə olan statistikaya əsasən, pul bazasının artımı 1,220 mlrd. manat, nağd pulların artımı 1,109 mlrd. manat təşkil edib. Beləliklə, artımın 91%-i nağd pulların payına düşür ki, bu da makroiqtisadi əsaslara uyğun olaraq inflyasiyanın artımına təsir etməlidir. Lakin ümumilikdə, Azərbaycanda pul kütləsinin, o cümlədən nağd pulların iqtisadiyyatın həcminə nisbəti geniş olmadığından, həmin artım inflyasiyaya nəzərə çarpan dərəcədə təsiri baş verimir. Qeyd edək ki, Azərbaycanda iqtisadiyyatın monetləşmə səviyyəsi cəmi 28,9% təşkil edir. Bu səbəbdən də ölkədə inflyasiyanın yaranmasında monetar amillərin rolu çox kiçikdir. Ümumilikdə isə pul bazasının idarə edilməsi Mərkəzi Bankın inflyasiyanın monetar amillərinin zəifləndirilməsi üçün əsas alətlərindən biridir.