​Azərbaycanda bank aktivlərinin əsas hissəsi kreditlərin payına düşür

​Azərbaycanda bank aktivlərinin əsas hissəsi kreditlərin payına düşür Kreditlərin aktivlərdə xüsusi çəkisi 68%-dir
Maliyyə
3 Oktyabr , 2014 11:26
​Azərbaycanda bank aktivlərinin əsas hissəsi kreditlərin payına düşür

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərin həcmi son bir ildə 4,628 mlrd. manat və ya 24,5% artaraq 2014-cü il sentyabrın 1-nə 23,547 mlrd. manata çatıb. “Report”un xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında göstərilir.

Eyni zamanda bu ilin əvvəlindən aktivlərin həcmi 3,162 mlrd. manat və ya 15,5%, avqust ayında 258 mln. manat və ya 1,1% artıb:

Əvvəlki dövrlərdə olduğu kimi, bank aktivlərinin tərkibində əsas yeri müştərilərə verilən kreditlər tutur. Belə ki, kreditlərin həcmi 15,986 mlrd. manat və ya ümumi aktivlərin 67,9%-ni təşkil edir. Bundan başqa, aktivlərin strukturunda 2,019 mlrd. manat investisiyalar, 1,585 mlrd. manat müxbir hesabları, 945,7 mln. manat nağd vəsaitlər, 1,110 mlrd. manat maliyyə sektoruna verilən kredit və depozitlər, 1,901 mlrd. manat isə digər aktivlərin payına düşüb.

Passivlərin tərkibində 10,175 mlrd. manat depozitlər, 7,976 mlrd. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1,647 mlrd. manat digər öhdəliklər təşkil edib. Passivlərin strukturunda kapitalın həcmi isə 3,749 mlrd. manat olub.

Qeyd edək ki, müştərilərə verilən kreditlərin aktivlərdə 68-70%-lik paya malik olması Azərbaycan bank sistemi üçün tipik göstəricidir. Məsələn, bu ilin əvvəlində bu pay 69,5%-ə bərabər olub. Ümumilikdə isə, dünya praktisına əsasən, həmçinin inkişaf etmiş ölkələrlə müqayisədə bu, yüksək göstəricidir və ilk növbədə bank sisteminin faiz əməliyyatlarından, xüsusən də kreditlərdən böyük asılılığını göstərir. Halbuki müasir bankçılıqda digər əməliyyatlar da böyük rol oynayır, lakin Azərbaycan bankları hələ də əsasən kreditverən maliyyə qurumları kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi