Prezident İlham Əliyevin 16 iyul 2022-ci il tarixli sərəncamına əsasən formalaşdırılan "Azərsığorta" ASC-nin Direktorlar Şurasının ilk iclası keçirilib.
Bu barədə "Report"a Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.
Məlumata görə, iclas Şuranın sədri, maliyyə nazirinin müavini Azər Bayramovun sədrliyi ilə baş tutub. İclasda “Azərsığorta”nın İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Holdinqin nümayəndələri iştirak ediblər.
A.Bayramov bildirib ki, “Azərsığorta” brendi ilə fəaliyyətini davam etdirən şirkət respublika üzrə geniş filial şəbəkəsinə malik dövlət müəssisəsidir. Onun fəaliyyətinin qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində formalaşdırılması, səmərəliliyin artırılması hazırda qarşıda duran ən vacib vəzifələrdən biridir.
Nazir müavini səhmdar cəmiyyətinin fəaliyyətinin təkmilləşdirməsi istiqamətində Holdinqin gördüyü işlərin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
İclasda dövlət başçısının müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər nəzərdən keçirilib, habelə “Azərsığorta”nın korporativ idarəetmə sisteminin prinsipləri, Cəmiyyətin fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan digər cari məsələlər müzakirə edilib, sadalanan məsələlərin icrası ilə əlaqədar müvafiq tapşırıqlar verilib.
Dövlət Sığorta Kommersiya Şirkəti ölkə prezidentinin fərmanına əsasən ASC-yə çevrilmə yolu ilə yenidən formalaşdırılıb.