"Azərişıq" ADB-nin krediti çərçivəsində subpodratçılarla 240 mln. dollarlıq müqavilə bağlayıb

"Azərişıq" ADB-nin krediti çərçivəsində subpodratçılarla 240 mln. dollarlıq müqavilə bağlayıb Bakı. 14 noyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) təşkilatçılığı ilə jurnalistlər üçün media-tur təşkil edilib. 
Maliyyə
14 Noyabr , 2017 16:25
Azərişıq ADB-nin krediti çərçivəsində subpodratçılarla 240 mln. dollarlıq müqavilə bağlayıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) təşkilatçılığı ilə jurnalistlər üçün media-tur təşkil edilib. 

“Report” xəbər verir ki, tur çərçivəsində media nümayəndələri ilk olaraq ADB-nin maliyyə dəstəyi ilə inşa edilmiş 110/35/10 kV-luq “Dəliməmmədli” yarımstansiyasına baxış keçiriblər.

Yarımstansiya 40 meqavolt-amper (MVA) gücündə iki ədəd transformatordan, 110 kilovoltluq açıq paylayıcı qurğudan, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğulardan, mühafizə və nəzarət sistemindən və köməkçi sistemlərdən ibarətdir. Bu obyekt 40 ildən çox istifadə olunmuş, istismar gücü iki dəfə az, səmərəliliyi aşağı olan və fəaliyyətində tez-tez nasazlıqlar baş verən köhnə yarımstansiyanı əvəz edib.

“Dəliməmmədli” yarımstansiyası məişət, kənd təsərrüfatı və ticarət obyektlərini əhatə edən doqquz ədəd 10 kV-luq paylama xətti sayəsində Dəliməmmədli şəhərində və Goranboy rayonunda 90%-i əhali istehlakçı qrupundan ibarət 11 mindən çox istehlakçını elektrik enerjisi ilə təmin edir. 

“Yüksək istismar gücü və faydalı istismar müddəti sayəsində “Dəliməmmədli” yarımstansiyası yaşayış evləri ilə yanaşı, yaxınlıqdakı əsas kənd təsərrüfatı obyektlərini, süd emalı zavodlarını, pambıq fabrikini, məktəbləri, alış-veriş mərkəzlərini, yanacaqdoldurma məntəqələrini, restoranları və kommunal qurğuları elektrik enerjisi ilə təmin edir” - deyə ADB-nin açıqlamasında deyilir. 

Yarımstansiyasının tikintisi ADB ilə Azərbaycan hökuməti arasında imzalanmış “Elektrik Paylama Şəbəkəsinin Gücləndirilməsinə dair İnvestisiya Proqramı” çərçivəsində reallaşıb və obyekt bu ilin iyul ayında istifadəyə verilib. 

Xatırladaq ki, “Elektrik Paylama Şəbəkəsinin Gücləndirilməsinə dair İnvestisiya Proqramı” çərçivəsində ADB "Azərişıq" ASC-yə ümumilikdə 750 mln. ABŞ dolları məbləğində kredit ayıracaq. Üç tranşdan ibarət olan kreditin ilk 250 mln. dollarlıq tranşı 2016-cı ilin sentyabrın 2-də transfer edilib. Bu tranş üzrə subpodratçılarla 240 mln. dollarlıq müqavilə imzalanıb və artıq tələb olunan vəsaitin 123 mln. dolları və yaxud 51%-i ödənilib.

Son xəbərlər

Orphus sistemi