“AzerGold”un istiqrazları hərraca çıxarılıb

“AzerGold”un istiqrazları hərraca çıxarılıb Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “AzerGold” QSC-nin faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının 10 milyon ABŞ dolları məbləğində I tranşının yerləşdirilməsi üzrə hərrac keçirilir.
Maliyyə
2739
24 Sentyabr , 2020 11:33
“AzerGold”un istiqrazları hərraca çıxarılıb
0 : 00
0 : 00

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “AzerGold” QSC-nin faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının 10 milyon ABŞ dolları məbləğində I tranşının yerləşdirilməsi üzrə hərrac keçirilir.

“Report” xəbər verir ki, hərrac bir neçə saat davam edəcək və nəticələr də elə bu gün açıqlanacaq.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə sözügedən istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdirilib. Söhbət hər birinin nominal dəyəri 100 dollar olan 100 min ədəd istiqrazdan gedir. 3 il müddətində tədavüldə olacaq istiqrazların illik gəlirliliyi 4%-dir. Faizlər rübdə bir dəfə ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) 1 fevral 2023-cü ilə qədər vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.

Qeyd edək ki, yeni emissiya münasibəti ilə BFB-də “Açılış zəngi” mərasimi keçirilib. Mərasimdə Birjanın İdarə Heyətinin sədri vəzifəsini müvəqqərti icra edən Eldar Abdullayev, “AzerGold”un Müşahidə Şurasının sədri Rövşən Nəcəf, İdarə Heyəti (İH) sədrinin müavini Xəyyam Fərzəliyev, “PAŞA Bank” ASC-nin İH-nin sədri Taleh Kazımov, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev və Azərbaycan Mərkəzi Bankının baş direktoru Əli Əhmədov iştirak ediblər.

Mərasimə, həmçinin, İqtisadiyyat naziri Mikayıl Cabbarov və “AzerGold”un sədri Zakir İbrahimov Cəmiyyətin Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənindən birbaşa canlı bağlantı vasitəsilə qatılıblar. Sədr istiqrazlarla bağlı reallaşan təşəbbüsünün ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmaq məqsədi daşıdığını qeyd edib. O, sözügedən emissiyanın vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olması üçün əlverişli fürsət olduğunu diqqətə çatdırıb.

M.Cabbarov isə “AzerGold” istiqrazlarının tədavülə buraxılmasını kapital bazarları üzrə 2020-ci ilin ən mühüm hadisələrindən biri hesab edildiyini vurğulayıb. Nazir “AzerGold”un birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə və dağ-mədən sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.

Daha sonra E.Abdullayev yeni istiqrazların korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olacağını və investorlar üçün daha geniş imkanların yarandığı münbit sərmayə mühitini formalaşdıracağını diqqətə çatdırıb.

Tədbirin sonunda emitent “AzerGold”un nümayəndəsi istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəngi çalıb. Beləliklə, istiqrazların BFB-nin ticarət platformasında ilkin ticarətinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi