Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan 2014-cü ildə 150 ölkə ilə 31,016 mlrd. ABŞ dolları həcmində ticarət əməliyyatları həyata keçirib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ticarət dövriyyəsinin 2013-cü il ilə müqayisədə 10,58% azalması deməkdir.
Ticarət dövriyyəsinin 21,829 mlrd. dolları ixrac, 9,188 mlrd. dolları isə idxal əməliyyatlarının payına düşüb. Beləliklə, ticarət dövriyyəsində 12,641 mlrd. dollar həcmində müsbət saldo yaranıb.
Hesabat ilində ixrac əməliyyatlarının həcmi 8,95%, idxalın həcmi 14,22% azalıb. Xarici ticarət dövriyyəsinin müsbət saldosunda 2013-cü illə müqayisədə 4,69% azalma qeydə alınıb.
Bildirək ki, ötən il Azərbaycana 6 146 çeşiddə mal idxal olunub. Ölkədən ixrac olunan mal çeşidlərinin sayı isə 2 151 ədəd təşkil edib.